23 Yanvar 15:38
2 246

“Xəlifə Haftar qüvvələri ikinci dəfə Liviyanın paytaxtı Tripoli yaxınlığında “TB2 Bayraktar” Pilotsuz Uçan Aparatı (PUA) vurdu. Deyilənlərə və broşür informasiyalarına inansaq, Türkiyə istehsalı olan aparatın üstün texniki-taktiki xüsusiyyətləri var. Deyilənə görə, havada 24 saatdan çox qalır, amma bu, digər şirkətin PUA-ları kimi broşür məlumatı da ola bilər. Reallıq nədir bilmirəm, amma bir müddət əvvəl bundan Azərbaycana da satmaq istəyirdilər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri hərbi ekspert Rəşad Süleymanov deyib.

Ekspert qeyd edib ki, kəşfiyyat əməliyyatlarından əlavə, PUA idarə olunan ağıllı sursatlar da daşıyır:

“Bu texnikadan türk ordusunun bir sıra əməliyyatlarında istifadə edilib. Ötən il ilk partiyası Ukraynaya satılıb. Türkiyənin hərbi yardımları çərçivəsində bir neçə ədəd Liviya Milli Hökumətinə verilib.

Amma aparılan xarici əməliyyatlarda “TB2”-nin bir sıra “əmmaları” üzə çıxmağa başlayıb. Radarı, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemləri olmayan terror təşkilatları ilə, yaxud Afrikanın köhnə silahlara sahib ölkələrində bu PUA ideal sayıla bilər.

Lakin görünən budur ki, HHM və REM sistemləri olan ordularla döyüşlərdə bu PUA yalnız ona verilən pulun zibilliyə atılmasından başqa bir şey deyil. Gündə birini vurub salırlar”.

Rəşad Süleymanovun sözlərinə görə, hətta Ukrayna hərbçilərindən duyduğum qədər Şərqdəki münaqişə rayonlarında separatçılar ruslardan aldıqları sistemlərlə “TB2”-nin uçmasına maneələr qoyurlar.


Müəllif: Mənsur Rəğbətoğlu