Çinin koronavirus yayılan Vuhan şəhərində yaşayan 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı “Qoca Yusif” əməliyyatı ilə təxliyə olunacaq.
Publika.az xəbər verir ki, vətəndaşlar ambulans təyyarəyə çevrilən hərbi yük təyyarəsi ilə Türkiyəyə göndəriləcək.
Sərnişinlər və ekipaj üzvləri xüsusi geyimlərlə təmin olunacaq. Onlar təyyarədən endikdən sonra 14 gün ərzində karantində qalacaqlar.
Türkiyə Səhiyyə Nazirliyi Çindəki vətəndaşları təxliyə etmək tədbirlərini tamamlayıb. Səhiyyə naziri Fəxrəddin Qoca karantin bölgəsindəki vətəndaşların yaxşı vəziyyətdə olduğunu açıqlayıb.
Nazirlik təyyarədə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qablardan, paket qidalardan və zibil qutularından istifadəyə icazə verəcək. Eyni anda birdən çox insanın maskasını çıxararaq yemək yeməsinə və su içməsinə icazə olmayacaq. Qoruyucu maskalar nəmlənən kimi dəyişdiriləcək.
Qeyd edək ki, bu əməliyyatın həyata keçirilməsinə ötən gün Rəcəb Tayyib Ərdoğan qərar verib.
Xatırladaq ki, Çində ortaya çıxan yeni tip koronavirus 170 nəfərin həyatına son qoyub. 1000-dən çox insanın vəziyyəti ağırdır. Bu günə qədər 103 nəfər müalicə olunaraq evə buraxılıb.