3 Fevral 2020 14:51
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfiri Vladimir Titorenko rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun qatillərinin hələ də tapılmadığını, onların başqa ölkələrdən gələn muzdlular ola biləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, səfir bildirib:

“Bildiyim qədər bu günədək onlara cinayətkar ünsürlər, yaxud muzdlular tərəfindən hücum edildiyi müəyyən edilib. Çünki burada qonşu dövlətlərdən olan, mütəşəkkil cinayətkarlıqla məşğul olan çox sayda muzdlular var... Qatili tapmaq çox çətindir”.

Onun sözlərinə görə, istintaq davam edir, ancaq qonşu ölkədə gizlənə biləcək insanları tapmaq çətindir:
“Öz aralarında ərəbcə danışdıqları iddia edilənlər Kordofandan, Darfurdan ola bilərlər. Belə ki, qonşu Sudanda, hətta Çadda da ərəbcə danışırlar. Bu müddət ərzində cinayətkarlar qonşu ölkələrin ərazisində gizlənə bilərlər”.

Bununla yanaşı, o əlavə edib ki, 2018-ci ilin iyul ayında Mərkəzi Afrika Respublikasında həlak olan Rusiya jurnalistləri ölkənin bir çox qanunlarını pozub, onları ora göndərən insanlar lazımi səviyyədə təhlükəsizliyi təmin etməyib və həyatlarını bilərəkdən təhlükə altına atıblar.

Bundan əvvəl Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Arşanj Tuadera bildirmişdi ki, MAR hökuməti Rusiya jurnalistlərinin qətli ilə bağlı hərtərəfli istintaqın aparılması üçün səy göstərir.

Qeyd edək ki, 2018-ci il iyulun 31-də Mərkəzi Afrika Respublikasında üç Rusiya vətəndaşı – jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko həlak olub.


Müəllif: Səxavət