4 Fevral 2020 13:31
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada fəaliyyət göstərən “Heritage Foundation” araşdırma təşkilatı “2020-ci ildə ABŞ-Gürcüstan münasibətlərində beş əsas prioritet” adlı hesabat yayımlayıb.

Teleqraf.com xəbər verir ki, məruzənin müəllifi Rusiya və Avrasiya ölkələri üzrə elmi işçi Aleksis Mraçekdir.

Hesabatda 2020-nin ABŞ-Gürcüstan münasibətlərində əhəmiyyətli bir il olacağı qeyd olunur.

Müəllif yazır ki, Gürcüstan ABŞ üçün böyük əhəmiyyət daşıyır:

“Birincisi, Gürcüstan Əfqanıstanda və İraqda etibarlı müttəfiq olduğunu təsdiqləyib - illər ərzində minlərlə gürcü döyüşçüsü hər iki missiyanın tərkibində sözügedən bölgələrə göndərilib.

İkincisi, Gürcüstanın Avropa və Asiyanın qovşağında yerləşməsi böyük strateji əhəmiyyətə malikdir. Əsas neft, qaz kəmərləri və dəmir yolu marşrutları Gürcüstan ərazisindən keçir. Bu da Avropanın təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır. Bu boru kəmərləri arasında Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa boru kəmərləri, həmçinin Cənub Qaz Nəqliyyat Dəhlizi və ən vacib dəmir yolu olan Bakı-Tiflis-Qars xətti var”.

“Heritage Foundation”ın hesabatında prioritet məsələlərə toxunulur və qeyd olunur ki, Gürcüstanın sadiq və dəstəyini davam etdirmək üçün ABŞ 2020-ci ildə beş əsas prioritet üzərində dayanmalıdır. Bu prioritetlərə Gürcüstanda azad və ədalətli parlament seçkilərinin dəstəklənməsi, Gürcüstanla sərbəst ticarət razılaşmasına təkan vermək, Gürcüstanın NATO-ya olan istəyini dəstəkləmək, ikitərəfli müdafiə əlaqələrini gücləndirmək və Gürcüstanı Anakliya limanına yeni bir investor tapmağa məcbur etmək daxildir.

“Gürcüstanın ölkənin istifadə olunmamış logistika potensialından istifadə etmək üçün bu limana ehtiyac var. Bu, həm iqtisadi, həm də siyasi baxımdan ölkəyə çox kömək edəcək. Bundan əlavə, Anakliya limanı ABŞ-Gürcüstan ikitərəfli münasibətlərini dərinləşdirəcək. Konqres və administrasiya Gürcüstanı Anakliya limanına yeni bir investor tapmağa, bu layihəni davam etdirməyə və başa çatdırmağa təşviq etməlidir”.

Əlavə edək ki, Anakliya limanının investorlarından biri də keçmiş baş nazir Bidzina İvanişvilidir. Ötən günlərdə “Vaşinqton Post” və “Nyu-York Tayms” kimi nüfuzlu nəşrlər İvanişvilinin Rusiyanın tələbi ilə Anakliya limanının inşasına mane olduğunu yazmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər