8 Fevral 2020 09:05
2 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baltikyanı respublikalar müstəqillik əldə etdikdən sonra KQB-nin bu ərazidəki fəaliyyəti barədə məlumatları fəal şəkildə yaymağa başladılar. Hazırda hər kəs sovet dövründə dissidentlərin saxlanıldığı Vilnüsdəki keçmiş gizli həbsxanaya baş çəkə bilər.

Teleqraf.com həmin həbsxana ilə bağlı materialı təqdim edir:

Razılaşmayanlar üçün” qazamat

Baltikyanı ölkələr 1940-cı ildə SSRİ-yə ilhaq edildikdən sonra Sovet İttifaqının siyasi cəhətdən ən qeyri-sabit bölgələrindən biri olub. Buna görə də dövlət təhlükəsizlik orqanları burada dayanmadan çalışırdılar.

Vilnüsün Auku küçəsi ilə Gediminas prospektinin kəsişməsindəki bina Rusiya imperiyasının Vilen quberniyasının Ədalət Sarayı olaraq, 1899-cu ildə inşa edilib. NKVD idarəsi burada ilk dəfə 1940-cı ildə yerləşməyə başlayıb. Alman işğalı illərində onu Reyxsfürerin Təhlükəsizlik Xidməti (SS) və gestapo əvəz edir. 1944-cü ildən bina yenidən sovet çekistlərinin əlinə keçir. Orada “meşə qardaşları” dindirilirdi və xüsusi “güllələnmə” otağında Litvanın müstəqilliyi uğrunda mübarizə aparanlarla bağlı edam hökmlərinin icrası həyata keçirildi.

Hətta, Litva “yaşılları” 1950-ci illərin ortalarına qədər məğlub edildikdən sonra da daxili həbsxanaya zərurət aradan qaldırılmır. KQB əməkdaşları bura siyasi dissidentləri və xarici dövlətlərin xeyrinə casusluq fəaliyyətində şübhəli bilinənləri gətirirlər.

1959-cu ildən etibarən gizli həbsxana rəsmi olaraq istintaq təcridxanası adlanırdı. Burada “siyasi” maddələrə əsasən tutulan şəxslər məhkəməyə qədr gözləyir və təhqirlərə məruz qalırdılar. Yarımzirzəmidəki kameralar içərisində iki taxta çarpayı və taburet olan kiçik otaqlardan ibarət idi. Xarici görkəmcə onlar adi təcridxanalardan fərqlənmir və mərkəzi istilik sistemləri ilə qızdırılırdı. Zamanla kameraların sayı azaldılır. Əgər 1950-ci illərdə bu rəqəm 50-dən çox idisə, 1964-cü ildə 23, daha sonra isə cəmi 19-a düşür.

1991-ci ildə gizli həbsxanada cəmi 1 kars (cəza) kamerası qaldı, lakin NKVD-nin ilk illərində onların sayı bir neçə idi. Soyuq və çox dar otaqda həbsxananın özündə, xüsusən də qışda dustaqlar böyük əzab-əziyyət çəkirdilər. Qaydalara riayət etmədiyi və ya digər məhkumlarla əlaqə qurmaq cəhdinə görə onlar cəza kamerasına göndərilirdilər.

Həbsxananın divarlarının səs keçirməz materiallarla təchiz olunduğunu xatırlatmaq yerinə düşər: burada məhkumlar tamamilə sükut içində dəli olurdular. Özünü döyən, vuran məhkumlara dəli köynəyi (coşğun dəlilərə geydirilən xüsusi paltar) geyindirirdilər.

Məşhur dustaqlar

1956-cı ildə KQB-nin Vilnüs zindanının divarları arasında Litvanın cənubundakı anti-sovet müqavimətinin lideri Adolfus Ramanauskas sorğu-sual edilir və ona işgəncə verilir. Çekistlər, həmçinin, Vaqanas (“Qırğı”) ləqəbi ilə də tanınan partizanı vəhşicəsinə döyürlər, sonra onu axtalayır, sağ gözlərini çıxarırlar və eşitməkdən məhrum edirlər. Bir il sonra Ramanauskas “böyük terrorçu” olaraq edam edilir.

Katolik keşiş, antisovet fəal Alfonsas Svarinskas bir neçə dəfə Vilnüsdəki KQB həbsxanasında saxlanılıb. O, ilk dəfə 1948-ci ildə “meşə qardaşları” ilə əlaqələrə görə, 1956-cı ildə – müharibədən əvvəl nəşr olunmuş kitabları saxladığına görə məhkum edilir. Rahib sonuncu dəfə 1983-cü ildə həbs edilir.

Svarinkas Litvada repressiya olunan yeganə kilsə xidmətçisi deyildi – katolik keşişlərin 20%-ə qədəri dövlət təhlükəsizliyi ilə bağlı problemlər yaşayırdı. Məsələn, 1980-ci illərin əvvəllərində o dövrdə Kibartay şəhərində qulluq edən iezuit ordenli Siqitas Tankeviçyus KQB həbsxanasına salınır. Onu İnanclı İnsanların Hüquqlarının Müdafiəsi Katolik Komitəsinin fəal üzvü, habelə “Litva Katolik Kilsəsinin xronikası” “samizdat” salnaməsinin redaktoru olaraq həbs edirlər. Din xadimi anti-sovet təşviqatına görə 10 illiyə həbs düşərgəsinə göndərilir.

Bu Baltikyanı respublikada KQB həbsxanasına “meşə qardaşları” və din xadimləri ilə yanaşı sovet rejimindən narazı qalan ədəbiyyat xadimləri, insan haqları fəalları və digər dissidentlər də salınıb. 1992-ci ildə keçmiş KQB binasının əsasında “İşğal və azadlıq uğrunda Muzey” qurulub. Həbsxananın daxili tam olaraq 1991-ci ilin avqustunda Vilnüsdən çıxan “kaqebeşnik”lərin tərk etdikləri vəziyyətdə qalıb.


Müəllif: Səxavət Həmid