10 Fevral 2020 17:38
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin İdarə heyəti və rəhbərliyi Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi tərəfindən qəbul edilib.

Teleqraf.com xəbər verir ki, İƏGF Avrasiya Regional Mərkəzi Pakistanın Dini Məsələlər və İnanclararası Harmoniya Тazirliyi və Pakistan Gənclərə Dəstək Şəbəkəsi ilə birlikdə “Gənc qadınların və qızların zorakı ekstremizmə qarşı mübarizədə rolu” mövzusunda paytaxt İslamabadda 6 fevral tarixində beynəlxalq seminar təşkil edib.

Fərqli ölkələrdən, o cümlədən, Azərbaycandan və Pakistandan olan çıxışçıların iştirak etdiyi tədbir çərçivəsində Pakistanın Prezidentdi Arif Alvi fevralın 7-də İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətini və rəhbərliyini, eləcə də tədbirdə iştirak edən xarici qonaqları öz iqamətgahında qəbul edib.

Görüş zamanı İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev Prezident Afir Alviyə göstərilən diqqət və tədbirin Pakistanda yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə görə təşəkkür edib və beynəlxalq seminarın məqsəd və nəticələri haqda ətraflı məlumat verib.

E. Mehdiyev tədbir çərçivəsində İƏGF-nin 15 illik yubileyi ilə bağlı rəsmi qəbul təşkil edildiyini bildirərək, qurumun 2004-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının himayəsi ilə Bakıda təsis edilməsindən bu yana görülən işlər və hal-hazırda həyata keçirilən layihələr haqda, həmçinin fəaliyyət coğrafiyasına Pakistanın da daxil olduğu və Azərbaycan hökumətinin ev sahibliyi etdiyi İƏGF Avrasiya Regional Mərkəzinin fəaliyyətləri haqda Pakistan prezidentini məlumatlandırıb.

Prezident Arif Alvi Azərbaycan Respublikasının İƏT-dəki aktiv fəaliyyətini və verdiyi töhfələri yüksək qiymətləndirib.

Görüş zamanı, E. Mehdiyev 5 fevral beynəlxalq Kəşmir Günü və qarşıdan gələn 26 fevral Xocalı faciəsinin anım gününü nəzərə alaraq, tədbir zamanı xüsusi panelin təşkil edildiyini və həm Kəşmir problemi, həm də Xocalı soyqırımı haqda tədbirin mövzusu kontekstində təqdimatların keçirildiyini bildirib.

Səfər çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzinin nümayəndə heyətinin və digər beynəlxalq qonaqların Pakistan Baş Nazirinin gənclər məsələləri üzrə müşaviri cənab Usman Dar ilə də görüşü olub. Usman Dar görülən işləri və tədbirin uğurlu təşkilini yüksək qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin Pakistan gəncliyi üçün əhəmiyyətini vurğulayıb.


Müəllif: Teleqraf.com