11 Fevral 2020 22:00
4 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

2003-cü il martın 20-də ABŞ ordusunun Bağdada daxil olmasından sonra hakimiyyət devrildi. Səddam Hüseynin 24 illik iqtidarı sona çatdı. Bundan sonra yoxa çıxan Səddam Hüseyn barəsində müxtəlif sui-qəsd nəzəriyyələri ortaya atıldı. Lakin həmin il dekabrın 13-də Tiqrit şəhəri yaxınlığında bir kənd evində ələ keçdi.

Teleqraf.com xəbər verir ki, məhkəmədə mühakimə olunan Səddam Hüseyn 2006-cı il dekabrın 26-da edam cəzasına məhkum olundu.

Həmin il dekabrın 30-da Qurban bayramı günü ölüm hökmü icra edildi, dar ağacından asılan İraq liderinin həyatı sona çatdı. Ölümündən sonra yalnız Liviyada Müəmmar əl-Qəddafi ölkədə üç günlük matəm elan etdi. Başda ABŞ, İran və İraq olmaqla, dünyanın əksər ölkələri edamı sevinclə qarşıladılar. Edama etiraz edən dövlətlər arasında isə yalnız Rusiya, Pakistan və Malayziya vardı. Nəşi doğulduğu Tiqrit şəhərinin Əl-Avya kəndində dəfn edildi. 2015-ci ildə İŞİD və İran tərəfindən dəstəklənən şiə terror təşkilatları arasında baş verən döyüşlərdə məzarı darmadağın olundu.

İngilislərin səpdiyi nifrət toxumu

1937-ci ildə Tiqritdə doğulan Səddam Hüseynin həyatının sonunadək tez-tez xatırladığı olay uşaqlığında əmisinin ingilis zabitlər tərəfindən həbs edilməsi idi. Bu, İraqın gələcək liderinin düşüncəsinə Qərbə qarşı nifrət toxumu səpən hadisəydi.

Siyasi həyatına 20 yaşında BƏƏS Partiyasına üzv olmaqla başlayan Səddam Hüseyn 1958-ci ildə dönəmin İraq lideri Əbdülkərim Qasıma sui-qəsd ittihamı qarşısında qalaraq ölkədən getdi. Suriya və Misirdəki sürgün həyatını hüquq üzrə ali təhsil almaqla keçirdi. 1968-ci ildə BƏƏS Partiyasının qansız qiyamla hakimiyyəti ələ keçirməsindən məsuliyyət daşıyan bir şəxs kimi Səddam Hüseyn bu partiyadan olmayanların hamısını iqtidar komandasından uzaqlaşdırdı. Səddam Hüseyn yeni komanda daxilində istər natiqlik sənətindəki ustalığı, istərsə də yenilikçi fikirləri ilə sürətlə yüksəlirdi.

Partiya üzvlərinin edamı

1979-cu ildə general Əhməd Həsən Bəkiri devirərək hakimiyyəti ələ keçirən Səddam Hüseyn taxta çıxar-çıxmaz müxalifətçilik ittihamı ilə 450 partiya üzvünü edam etdirdi. Səddam Hüseynin hakimiyyəti ərzində dəyər verdiyi ən böyük şey İraq ordusu idi. Ordunu özünün və rejiminin qoruyucusu kimi gücləndirən Səddam iraqlı professor Nazim Obehə görə, bir çox sui-qəsd və qiyam cəhdlərindən yaxa qurtarmasını manqurta çevirdiyi orduya borclu idi.

Narahat yuxular

Ölkənin bir çox yerlərində saraylarının olmasına baxmayaraq, İraq lideri rahat yatmırdı. Barəsində məlum olan digər fakt Səddamın iki gecə dalbadal eyni yerdə qalmaması idi. Gündə ortalama hesabla dörd-beş saat yatan, gecə saat üçdə oyanan Səddam Hüseynin heç vaxt dəyişmədiyi vərdişlərindən biri də üzməkdi. Saraylarının hamısında hovuzların olması bu səbəbdəndi. Bu hovzuların ən böyük özəlliyi zəhərlənmə ehtimalına qarşı hər saat yoxlanılması idi.

Ölənədək gənc yaşda görünməsini idmana borcluydu. Həmişə yaşından gənc görünməyə çalışan İraq lideri bunun üçün tez-tez saç və saqqalını boyayırdı. Əlbəttə bədən çəkisini də nəzarətdə saxlayırdı. Axşam yeməklərində şərab içməyi sevən Səddam heç vaxt xalq arasına sərxoş halda çıxmazdı. Ən sevimli içkisi isə “Mattheus Rose” idi, yemək süfrəsindən balıq əksik olmurdu.

Konfet yeyən general

Gününün əksəriyyəti iş ofislərində nazirlər və müşavirləri ilə iclaslarda keçən İraq lideri Səddam Hüseyn saatlarla davam edən bu toplantılardan gözlənilməz qərarla ayrılır, 45 dəqiqəlik istirahətdən sonra geri qayıdırdı. İclasda iştirak edənlərin belə bir imkana sahib olduğunu deməksə çətin idi.

İran-İraq müharibəsinin davam etdiyi 1968-ci ildə generallarından biri Ələddin əl-Cənabini iclaslardan birində konfet yeyərkən görəndə rütbəsini söküb ordudan qovmuşdu. Saatlarla davam edən iclaslarla yanaşı, ölkədəki müəssisələri gözlənilmədən yoxlamağı sevən Səddam Hüseyn tarixi əsərləri oxumağı çox sevirdi. Həyatının son illərinə yaxın fantastik janrda bədii roman nəşr etdirəcəyi barədə iddia yayılmışdı.

Yerli kanallarla yanaşı, xarici telekanalları da izləyən İraqın mərhum lideri sui-qəsd və casus mövzulu filmlərin sadiq tamaşaçısı idi. Ən sevdiyi film isə baş rolunu Spenser Treyzinin canlandırdığı “Qoca və dəniz” seriya filmiydi.

Səddam Hüseyn Əbdülməcid əl-Tiqriti

İraqın beşinci prezidenti Səddam Hüseyn özündən əvvəlki dövlət başçılarından fərqli özəlliklərə sahib liderdi. Özünə qədərki İraq tarixinin ən qəzəbli, qorxmaz və ən qəddar dövlət başçısı idi. Hakimiyyətdə olduğu 24 il ərzində tez-tez gizli olaraq kütləvi qətliam və soyqırım törətmək ittihamları ilə də qarşılaşırdı.

Diktatorlar tez-tez seçkilərdə yüksək seçici fəallığının olduğuna dair rəqəmlər uydururlar. İraqın mərhum lideri də onlardan fərqli deyildi, 2002-ci ildə keçirilən referenduma ölkənin bütün seçicilərinin qatıldığını deyərək, 100 faizlik seçici fəallığının olduğunu iddia etmişdi.

Öz qanı ilə “Quran” yazdıran lider

Şakir Cövdət Abbas Bağdadini təhdid edərək, öz qanı ilə “Quran” yazdıran da Səddam Hüseyndən başqası deyildi. Bu işi istəməyərək gördüyünü bildirən xəttat Bağdadi bu məqsədlə Səddam Hüseynin 40 şüşədən artıq qanından istifadə etdiyini iddia etmişdi: “Həftəyə bir səhifə bitirirdim. Yazarkən yeməkdən kəsildim, saçlarım töküldü, gözlərim zəiflədi”.

Səddam Hüseyn 2002-ci il seçki kampaniyasında Uitni Hyustonun “I will always love you” mahnısını istifadə etmişdi.

Alman həkimin iddiası

2003-cü il Səddamın ələ keçməsi səhnəsinin də saxta olduğu iddia edildi. Həmin iddiaya görə, ələ keçən İraq lideri yox, onun dublyoru Qasım əl-Əli idi. Bir sıra mənbələr ələ keçdiyi deyilən tarixədək, son 15 ildə Səddamın bir fotosunun yayımlanmadığını bildirmişdi. Buna görə də, onun hansı simada olması və ya qalması müəmmalı olmalıydı.

Səddamın son fotoları üzərində araşdırma aparan alman həkim Dyeter Baxmann Səddamın ən az üç oxşarını təsbit etmişdi. Bu məqsədlə ayrı-ayrı vaxtlarda çəkilmiş minlərlə foto və 30-dan çox videogörüntünü incləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər