Şəraiti başa düşməmək və rəhbərliyin çarəsizliyi məhz belə məqamlarda açıq şəkildə özünü göstərir. Zolotoyda döyüş səhər saat 5-dən bəri davam edir, cəbhədə vəziyyət çox ağırdır, Severodonetsk, Lisiçansk, Popasnoy sakinləri artilleriya səsini aydın eşidir.
Teleqraf.com xəbər verir ki, bunu özünün “Feysbuk” səhifəsində ukraynalı jurnalist Yuri Butusov yazıb.
O qeyd edib ki, Ukraynada isə sakitlikdir, Kiyevdə heç kim narahat deyil:
“Saat 08:30-dan etibarən vəziyyətlə bağlı qərargahın bəyanatı, ali baş komandanın mövqeyi ortada yoxdur. Prezidentin ofisi susur. Hamı nəyisə söyləməkdən qorxur – axı bu, atəşkəs və “birgə patrulların” olmasına dair boş danışıqların rus qaubitsaları (qısalüləli ağır top) tərəfindən param-parça edildiyini etiraf etmək deməkdir. Bu, indi acizlik, çarəsizlik kimi görünür”.
Jurnalist qeyd edib ki, bu gün saat 11:00-da (Bakı vaxtı ilə 13:00-da) Ukrayna Prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirəcək:
“Ümid edirəm ki, iclas səyyar formada keçiriləcək. Zolotoy ərazisi bunun üçün ən uyğun yerdir. Belə bir məqamda Ali Baş Komandan xalqa müraciət etməli və hər şeyi öz adı ilə adlandırmalıdır. Çünki Rusiya hücumunun nəticələri ağırdır”.