Gürcüstan hökuməti parlamentin Kutaisi şəhərindəki binasını satışa çıxarır.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri Giorgi Qaxaria məlumat verib.
Onun sözlərinə görə, binanın satışı ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məşğul olacaq.
“Kutaisi tezliklə böyük elm-təhsil mərkəzinə çevriləcək və parlamentdən daha böyük əhəmiyyətə malik olacaq”, - deyə Qaxaria vurğulayıb.
Hökumət başçısı deyib: “İnanıram ki, bina satıldıqdan sonra yeni təyinat alacaq və iqtisadi cəhətdən daha cəlbedici olacaq”.
Qeyd edək ki, Gürcüstan parlamenti 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərirdi. 2014-cü ildən parlamentin yalnız komitə iclasları Tbilisidəki binada keçirilib.
Qonşu ölkədə 2018-ci il dekabrın 16-da qüvvəyə minmiş yeni konstitusiya ilə parlamentin yerləşdiyi yer dəyişdirilib. Ali qanunda 2019-cu ilin yanvar ayından etibarən qanunverici orqanın yerləşdiyi yer Tbilisi şəhəri göstərilib və keçən ilin əvvəlindən parlament tam tərkibdə paytaxtda işləməyə başlayıb.