Türk din adamı Harun Yəhyanın qurduğu “Adnan Oktar” təriqətinin üzvü olan Ayça Pars sözügedən təşkilatla bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, təşkilatın iyerarxik quruluşu haqda danışan Ayça Harun Yəhyanın təhdidlərinə məruz qaldığını iddia edib.
Onun sözlərinə görə, Harun Yəhya özünün İslam peyğəmbərinə bərabər müqəddəs insan olduğuna inanır:
“Həmişə deyirdi ki, mənə itaət edən Allaha, peyğəmbərə itaət edər, mənə xəyanət edən peyğəmbərə və Allaha xəyanət edər. Biz ona inandıq, beləliklə, təşkilat qurulmağa başladı”.
Ayça Adnan Oktar təriqətinə qoşulanda Boğaziçi Universitetində oxuduğunu deyib:
“Dördüncü kursda Adnan Oktarın əmri ilə universitetdən uzaqlaşdım. Bizim cəmiyyətlə əlaqələrimizi qoparmağa çalışırdı. Məktəbi buraxdığımı ailəmə deyə bilmirdim, amma təşkilatda fəaliyyətə başladım”.
O, təşkilata 1989-cu ildə qoşulduğunu bildirib:
“Əvvəllər bizim cazibədar olmağımızı istəmirdi, buna görə də kişi köynəkləri geyinirdik. Sonralar isə Adnan Oktarın təlimatı ilə qadınlar bu hala gəldilər. Oynadığımız rəqslər Adnan Oktara görə, çılpaq soyunmaqdan daha həzzverici idi. Əvvələr “hocam” deyirdik, sonra “Adnan” deməyimizi istədi. Ən axırda da “sevgilim” deməyən döyülürdü. Zorla hər kəsi bu sözü deməyə məcbur etdi”.
Ayça Pars Adnan Oktarın televiziya şousu haqda bunları deyib: “Oktar bəzi qadınlardan yayımda ayaqlarını aralayaraq oturmalarını, ya da alt paltarı geyinməmələrini istəyirdi. Onlar da bunu etməyə məcbur olurdular. Saçın rəngi, geyim – hər şey Oktar tərəfindən müəyyən olunurdu”.