2 Mart 2020 18:13
4 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Türkiyəyə səfəri erməniləri qorxuya salıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanda rezonans doğuran səfər Azərbaycanın işğal edilmiş bölgələrinin qaytarılması ilə bağlı müzakirələri qızışdırıb.

İşğalçı ölkənin mediası xüsusən həmsədrlərin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşünə diqqət çəkir. Görüş zamanı Çavuşoğlunun “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” tələbi də ermənilərin tarım çəkilən əsəblərini bir qədər də gərib.

Qarabağın öz gerçək sahibinə - Azərbaycana qaytarılacağı ehtimalı üzərində baş sındıran erməni mediası bir az da irəli gedərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələni rusiyalı həmkarı ilə müzakirə etməyə hazırlaşdığını da dilə gətirir. Həmin iddiaya görə, martın 6-da Moskvaya səfər edəcək Ərdoğanın qovluğunda Qarabağla bağlı yeni planı da var.

Erməni ekspertləri isə Ərdoğanın Bakıya səfəri zamanı səsləndirdiyi fikirlərin üzərində çox dayanır. Ekspertlər xatırladır ki, Ərdoğan səfər zamanı “Qarabağ təkcə Azərbaycanın deyil, Türkiyənin də məsələsidir və bu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməlidir”, fikri təsadüf deyil.

Erməni politoloq Ayk Qabriyelyan hesab edir ki, Qarabağla bağlı yekun planını müəyyən edən Türkiyə Prezidenti indi də Vladimir Putini yola gətirməyin yollarını axtarır.

O, istisna etmir ki, İdlib məsələsi ilə bağlı Rusiyanı razı sala bilən Ərdoğan, Qarabağ məsələsində də buna nail olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər