Parisin Böyük Müsəlman Məscidində Əlcəzairdə qətlə yetirilən fransız vətəndaşı Herve Kurdelin xatirəsi ilə bağlı toplantı keçirilib.
Teleqraf.com-un AzərTAc-a istinadən verdiyi məlumata görə, toplantıda çıxış edən məscidin ali dini rəhbəri belə barbar hərəkətin heç cür müsəlmanlara yaraşmadığını qeyd etməklə yanaşı, Əlcəzairdə dinc fransız vətəndaşının qətl yetirilməsini pisləyib və İslamın tolerant din olduğunu bəyan edib.
Sosialist Partiyasından Parisin meri seçilən xanım An Hidalqonun, Xalq Hərəkatı Birliyi Uğrunda Partiyasının üzvü, İl-de-Frans regionunun sədri, deputat xanım Valeri Pekressin iştirak etdikləri toplantıda hər cür terrorizm və barbar hərəkətlərin yolverilməzliyi, İslamda insan həyatının müqəddəsliyi diqqətə çatdırılıb.
Toplantıda iştirak edən fransız müsəlmanları və digər etnik qrupların nümayəndələri “Barbarlığa son qoyulsun!”, “İslam sülh, həyat və hörmət deməkdir “ və digər şüarlar səsləndiriblər.