Koronavirus pandemiyası üzündən təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi 23 iyul 2021-ci ildə olacaq.
Bununla bağlı rəsmi qərar bu gün açıqlanacaq.
Beynəlxalq Olimpiya Komitəsi (IOC) martın 29-da keçirəcəyi təcili görüşündə Tokio olimpiadasının yeni tarixini elan etmək niyyətindədir. Oyunların bağlanışı isə gələn il avqustun 8-də gerçəkləşəcək.
2021-ci il üçün idman təqviminin tərtib olunması zamanı müəyyən çətinliklərin ortaya çıxacağı gözlənilir. Bununla belə, olimpiadanın builki tarixə bənzər günlərdə təşkilinə qərar verilib. Səbəblərdən biri kimi 1 milyard dollar ödəyərək, yayım hüququna yiyələnmiş "NBC Universal" üçün göstərilən tarixin ən yaxşı vaxt olduğu göstərilib.
Qeyd edək ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi./Report/