“Fevralın 5-də mətbuat rəhbərləri ilə görüşdə Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, general Artur Vanetsyan partiyanın yaradılması barədə qərar qəbul edib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Fakt” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, yeni partiyanın yaranması üçün hazırlıq işləri tamamlanıb, struktur tamamilə formalaşıb:
“Ancaq Vanetsyanın partiyasının təsis qurultayının vaxtı koronavirus infeksiyasının yayılması və respublikada tətbiq olunan fövqəladə vəziyyətə görə uzadılıb. Lakin mənbələrə görə, Vanetsyan partiya işlərində fəal iştirak edir, vəziyyətin yaxşılaşması və pandemiya risklərinin aradan qaldırılmasından sonra qurultay keçiriləcək”.
Rusiyanın hakim siyasi elitasına yaxınlığı ilə seçilən Artur Vanetsyan ötən il Baş nazir Nikol Paşinyana etiraz olaraq Milli Təhlükəsizlik Şurasının rəhbəri postundan istefa verib. İstefadan sonra siyasətə atılan general Paşinyanı könüllü şəkildə vəzifədən getməyə çağırıb.