Azərbaycan Türkiyədən hərbi maliyyə əməkdaşlığı çərçivəsində Pilotsuz Uçuş Aparatları, dronlar, "Altay" markalı tank və "Atak" model helikopterlər alacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, bu il fevralın 25-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci toplantısında imzalanan “Hərbi maliyyə əməkdaşlığı haqqında Razılaşma” çərçivəsində Türkiyə Azərbaycana 200 milyon türk lirəsi dəyərində maliyyə krediti verəcək. Anlaşmaya əsasən, Azərbaycan bu maliyyə ilə türk hərbi sənaye şirkətlərinin məhsullarını əldə edəcək.
Təhlükəsizlik və terror məsələləri üzrə mütəxəssis Coşqun Başbuğ bildirib ki, 200 milyon türk lirəsi civarında kredit sayəsində Bakı istədiyi silahları Türkiyədən ala bilər: “Bu anlaşmanın məqsədlərindən biri də Azərbaycanın Türkiyədən silah almasının önünü açmaqdır.
Azərbaycanın hansı silahlar alacağı məsələsinə toxunan mütəxəssis deyib ki, inkişaf edən texnologiya, müharibə metodlarını və yerləşdiyi coğrafiynın şərtlərini nəzərə alaraq Bakının daha çox texnologiya silahlarına üstünlük verəcəyini güman edir.
Müdafiə və təhlükəsizlik mütəxəssisi Yusif Alabarda isə hesab edib ki, Pilotsuz Uçuş Aparatları (PUA), dronlar Dağlıq Qarabağın işğaldan azad edilməsindən əhəmiyyətli xidmət göstərə bilər: “Çünki Liviyada və İdlibdə türk dronları inkişaf edən rus silahlarına və hava hücumundan müdafiə sistemlərinə qarşı nə dərəcədə təsirli olduğu açıq görünüb”.