18 İyun 2020 13:09
3 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan parlamenti sədrinin müavini Vaxe Enfiacyan və parlamentin Regional və Avrasiya inteqrasiyası məsələləri daimi komissiyasının sədri Mikel Melkumyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Parlament üzvləri ev sahibi ölkənin daxili siyasi gündəliyinin bəzi aspektləri barədə fikirlərini bölüşüb.

Erməni mediası rus səfirin fəallığını və parlamentarilərin səfirliyə dəvət edilməsini təsadüf hesab etmir. Bunun Ermənistanda baş verən son siyasi proseslərlə əlaqədar olduğu iddia olunur.

Erməni mənbələr Kopırkinin müxalifət nümayəndələri və parlamentin bəzi üzvləri ilə sıxlaşan təmaslarını Kremlin İrəvana xəbərdarlığı kimi xarakterizə edir. Bəzi erməni ekspertlərə görə isə bu, keçmiş hakimiyyət tərəfindən mövcud hakimiyyətə qarşı qurulan birliyin ipinin Rusiyanın siyasi elitası tərəfindən ələ alınmasıdır.

Məlumata görə, Ermənistan parlamenti barəsində cinayət işi açılan “Çiçəklənən Ermənistan” partiyasının sədri, parlament fraksiyasının rəhbəri Qagik Sarukyanın gizli səsvermə yolu ilə həbs olunmasına razılıq verib.

Baş prokuror Artur Davtyan təqdim olunan ərizələr əsasında 2017-ci ildə keçirilmiş parlament seçkilərində seçicilərə rüşvətin verilməsini təşkil etməkdə ittiham olunan Sarukyanın azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Qagik Sarukyan ilk dəfə iyunun 14-də Milli Təhlükəsizlik Xidməti tərəfindən sorğulanıb. Elə həmin gün Təhlükəsizlik Xidməti Sarukyanın evinə basqın edib. Sonuncu ona qarşı irəli sürülən cinayətləri rədd edərək, bunu Paşinyan iqtidarının “siyasi sifarişi” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər