Rusiyada COVID-19-a qarşı vaksin vurulmuş könüllülərin sağlamlığında hər hansı mənfi hal aşkarlanmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin "Krasnaya zvezda" qəzetinə Burdenko adına hospitalın anestezioloq-reanimatoluqu Oleq Çixlyayev deyib.
O bildirib ki, COVID-19 əleyhinə vaksin vurulmuş birinci və ikinci qrup könüllülər daim həkim nəzarətindədirlər: "Özlərini yaxşı hiss edirlər, aktiv şikayətləri yoxdur. Onların hərarəti, arterial təzyiqi, nəbzi, tənəffüsü norma daxilindədir. Vaksin testindən sonra könüllülərdə hər hansı arzuolunmaz hal qeydə alınmayıb".
Rusiyada koronavirusa qarşı vaksin testi 9 könüllüdən ibarət qrupa ilk dəfə iyunun 18-də vurulub. Beş gün sonra daha 20 nəfərlik qrup eksperimentə cəlb edilib.
Kliniki tədqiqatı gələn ayın sonunda başa çatdırmaq planlaşdırılır.