Liviya, Suriya və Şərqi Aralıq dənizi üzərində Ankara-Paris münasibətlərində yaranan gərginliyin NATO-ya sirayət etdiyi ortaya çıxmışdı.
Teleqraf.com “Röyter” agentliyinə istinadən xəbər verir ki, rəsmi Paris Türkiyə ilə yaşadığı gərginlik səbəbindən Şərqi Aralıq dənizindəki "Sea Guardian" əməliyyatından çəkildiyini elan edib.
Məlumata görə, fransız sentorlarla bir araya gələn Türkiyənin Parisdəki səfiri İsmayıl Haqqı Musa bununla bağlı rəsmi Parisin NATO-ya bilgi verdiyini bildirib.
“Liviya səbəbindən Şərqi Aralıq dənizində Fransa və Türkiyə gəmiləri arasında yaşanan hərbi gərginlik haqqında NATO-nun apardığı araşdırma hesabatında Fransanın iddiaları dəstəklənməyib. Bu səbəbdən də Paris "Sea Guardian" əməliyyatından geri çəkilmək qərarı verib”,- səfir bəyan edib.
Fransa mediası isə qeyd edir ki, Paris NATO-ya göndərdiyi məktubda qərarı haqqında hərbi alyansı bilgiləndirib.
Fransız senatorlarla bir araya gələn səfir İsmayıl Haqqı Musa çıxışı zamanı Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Misirin Liviyanın şərqini nəzarətində saxlayan general Haftara silah göndərdiyini bilirib. Səfir Fransanın bu iki ölkənin BMT-nin Liviyaya silah embarqosu haqqında qərarını pozmasını görməzdən gəldiyini və həyata keçirilən Liviya siyasətinin beynəlxalq hüquqla bir araya sığmadığını bildirib:
“BMT-nin Liviya ilə bağlı silah sanksiyasını hər gün Misir sərhədləri və BƏƏ-dən Liviyaya uçan təyyarələr tərəfindən pozulur. Nədən bu məsələlər gündəmə gətirilmir?”
Səfir əlavə edib ki, Fransa prosesi istiqamətləndirərkən qərəzli seçimlər edir və bununla da Haftarın əlini gücləndirir.
Qeyd edək ki, Fransanın Müdafiə naziri Florence Parly iyunun 18-də bəyan edib ki, Liviyaya silah daşıdığı şübhəsi ilə “Çirkin” adlı yük gəmisini NATO xidməti çərçivəsində yoxlamaq istəyiblər. Amma Türkiyə hərbi gəmiləri Fransız donanmasına aid gəminin bu addımının qarşısını kəsib. Ankara isə bu iddiaları rədd edib. Fransa hökuməti türk donanmasının tez-tez belə addımlar atdığını əsas gətirərək NATO-dan araşdırma aparılmasını istəmişdi. Bundan sonra NATO araşdırma apardığını elan edib. İndi görünən budur ki, NATO bu araşdırmada Türkiyə tərəfini haqlı bilib.