Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.
Teleqraf.com xəbər verir ki, Təbrizi Ərk cəmiyyətinin Abbas Lisaninin dosyesi ilə bağlı BMT-yə müraciət etdiyini deyərək, fəalın 15 il azadlıqdan məhrum edilməsini pisləyib.
“Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Hərəkatının tanınmış mübariz simasına qarşı çıxarılan hökmün təsdiqlənməsindən sonra bütün imkanlarını səfərbər edərək, bu xəbəri bütün beynəlxalq insan haqları təşkilatlarına və dünyanın nüfuzlu media qurumlarına çatdırılması üçün çalışır”, - təşkilat rəhbəri qeyd edib.
Qeyd edək ki, Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi iyunun 4-də İran Ali Məhkəməsinə müraciət etsə də, milli fəal haqda verilən hökm qüvvədə saxlanılıb.
Abbas Lisani hazırda Ərdəbil həbsxanasında saxlanılır. O, İran İnqilab Məhkəməsinin qərarı ilə 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci məhkəmə instansiyası tərəfindən 8 il azadlıqdan məhrum edilsə də, Ərdəbil Apelyasiya Məhkəməsi onun həbs müddətini 15 ilədək uzadıb.
Lisani məhkəmənin bu qərarının İrandakı dini-siyasi rejimin sifarişi əsasında olduğuna şübhə etmir.