14 İyul 2020 18:56
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Yaxşı olardı ki, BMT-nin Baş katibi bu qətnamələrin nə üçün icra edilməməsinə diqqəti yönəltsin.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Exo Moskvı” radiosuna müsahibəsi zamanı deyib.

O qeyd edib ki, hazırda bir çox məsləhətlər verilir, danışıqlar prosesi ilə bağlı xidmətlər təklif olunur:

“ATƏT-in Minsk qrupu var, uzun illərdir bu problemin həlli ilə məşğuldur. Danışıqlar sonsuzluğa qədər, danışıqlar xətrinə davam edə bilməz. Status-kvo mütləq dəyişilməlidir. Həmsədr ölkələrin başçıları da status-kvonun qəbuledilməz olduğunu birmənalı şəkildə bildiriblər. Buna baxmayaraq vəziyyət uzun illərdir dəyişmədən qalır”.

Səfir budəfəki hərbi əməliyyatları kimin birinci başlamasının əhəmiyyət kəsb etmədiyini vurğulayıb:
“Azərbaycan ərazisinin 20 faizini işğal edən təcavüzkar ölkə var. Azərbaycan bu təcavüzün qurbanıdır. Xəritələr, google var. İstənilən şəxs google-a daxil olmaqla Azərbaycanın BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinə və işğal olunmuş ərazilərə baxa bilər. Bu gün Dağlıq Qarabağ heç bir ölkə, o cümlədən Ermənistanın özü tərəfindən tanınmayıb. Bura Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Özgə dövlətin qoşunları bizim ərazimizdə qaldıqca bu cür konfliktlər qaçılmaz olacaq. Silahlı şəxslər üz-üzə dayandıqca təsadüfi və ya planlaşdırılmış aksiyalar baş verəcək”.

Polad Bülbüloğlu bildirib ki, Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin 2018-2020-ci illərdə Ermənistan tərəfindən 10 min dəfədən çox pozulması hallarına rast gəlinib:

“Bu məlumat mənə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunub. Peyk çəkilişləri var, hadisənin necə baş verdiyini araşdırmaq mümkündür. Sözsüz ki, biz bu məlumatları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və digər beynəlxalq strukturlara təqdim etmək üçün hazırlayırıq. Qoy onlar üçün vəziyyət aydın olsun”.

Səfir UAZ markalı avtomobilin hərbi maşın olmadığını, onun iyulun 12-də Azərbaycan postları arasında hərəkət etdiyini, bu zaman atəşə tutulduğunu, avtomobildə olan komanda qərargah məntəqəsi rəisi müavininin həlak olduğunu, avtomobildə olan bir nəfərin isə yaralandığını söyləyib:

“Təbii ki, bu ratsiya vasitəsilə xəbər verilib və UAZ-da olanların köməyinə yetməyə çalışıblar. Buna cavab olaraq ağır texnikadan cavab atəşi açılıb. Təbii ki, bu da cavabsız buraxılmayıb. Ordu məsələyə qarışıb. Beləliklə də bu konflikt başlayıb. Bundan sonra digər hadisələr yaşanıb”.

Səfir şəxsi qənaətini bölüşərək bildirib ki, Ermənistan KTMT-nin münaqişəyə cəlb olunmasına çalışdığı üçün sərhəddə bu təxribatı törədib: “Bunu ona görə ediblər ki, KTMT, ilk növbədə Rusiya bu münaqişəyə müdaxilə etsin. Çünki Azərbaycanın KTMT üzvü olan bütün ölkələrlə tərəfdaşlıq münasibətləri var. Təbii ki, Azərbaycan bütün müvafiq məlumatları KTMT-yə təqdim edəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər