18 İyul 2020 17:59
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının Corciya ştatından olan üzvü, qaradərili əhalinin hüquqları uğrunda məşhur mübariz Con Lyuis 80 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə palatanın spikeri Nensi Pelosi açıqlama verib.

“Bu gün Amerika öz tarixinin ən böyük qəhrəmanlarından birinin itkisinə yas tutur. O, Konqresin vicdanı idi”, – deyə Pelosinin açıqlamasında bildirilib.

2019-cu ilin dekabr ayında siyasətçiyə mədəaltı vəzi xərçəngi xəstəliyinin axırıncı mərhələsi diaqnozu qoyulmuşdu, ancaq o, öz dairəsini Konqresdə təmsil etməyə davam edəcəyinə söz vermişdi.

2010-cu ildə o zamankı prezident Barak Obama Lyuisi “Azadlıq” medalı ilə təltif etmişdi. O, Ağ Evin mesajında Amerika qəhrəmanı və insan haqları hərəkatının titanı adlandırılmışdı.

Lyuis qaradərili əhalinin hüquqları uğrunda ən görkəmli mübarizlərdən biri və vətəndaş hüquqları hərəkatının lideri hesab olunurdu. O, Martin Lüter Kinqin 1963-cü ildə Vaşinqtonda etdiyi məşhur yürüşün təşkilatçılarından biri olub.

C.Lyuis Konqresə ilk dəfə 1987-ci ildə seçilib və o vaxtdan ardıcıl 17 dəfə seçkidə qalib gəlib.


Müəllif: Səxavət

Oxşar xəbərlər