21 İyul 2020 13:00
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi analitiklərin fikrincə, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi eskalasiyanın katalizatoru COVID-19 ola bilər.

Teleqraf.com xəbər verir ki, jurnalist Maayan Yafe-Hoffman İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetdə dərc edilmiş “Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi eskalasiyanın səbəbi COVID-19 olubmu” sərlövhəli məqaləsində bu barədə yazır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib:

“Ermənistanda koronavirusla bağlı vəziyyət o qədər dəhşətlidir ki, ölkə rəhbərliyi öz xalqının diqqətini real problemlərdən yayındırmağa çalışır".

Hoffman yazır: “İyulun 12-də Ermənistan ordusu Azərbaycan-Ermənistan sərhədinin şimal-qərbindəki Tovuz rayonu istiqamətində artilleriya atəşi ilə Azərbaycan mövqelərinə hücum etməyə cəhd göstərib. Azərbaycan silahlı qüvvələrinin sarsıdıcı cavab tədbirləri nəticəsində itkilər vermiş Ermənistan silahlı qüvvələri geri çəkilməyə məcbur olublar”.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin bu provokasiyası beynəlxalq hüququn norma və prinsiplərini pozulması, həmçinin iki ölkə arasında atəşkəs haqqında qüvvədə olan sazişin kobud şəkildə pozulmasıdır.

Məqalə müəllifi vurğulayır ki, münaqişənin eskalasiyası nəticəsində 76 yaşlı Azərbaycan vətəndaşı minaatandan açılmış atəş nəticəsində öldürülüb.

Maayan Yafe-Hoffmanın məqaləsində deyilir: “Bu iki keçmiş sovet respublikasının Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsi olan Dağlıq Qarabağ regionu ilə əlaqədar 1988-ci ildən münaqişə vəziyyətində olmasına baxmayaraq, son hərbi toqquşmalar qeyri-adi sayılır, çünki bu toqquşmalar Dağlıq Qarabağ regionundan təqribən 300 kilometr aralıda yerləşən Tovuz rayonunda baş verib”.

Məqalə müəllifi vurğulayır ki, həmin toqquşmalar neft-qaz kəmərlərinin, o cümlədən Avropanın həyati əhəmiyyətli enerji təhlükəsizliyini təmin edən Cənub Qaz Dəhlizinin yerləşdiyi regionun bilavasitə yaxınlığında baş verib. Bu, beynəlxalq birliyin narahatlığına səbəb olub.

Müəllif yazır: “Bəzi analitiklərin sözlərinə görə, Ermənistan bu münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə öz müttəfiqləri olan ölkələr kimi xarici aktorları cəlb etməyə və qarşıdurmanın miqyasını genişləndirməyə çalışır. Ermənistan məhz bu səbəbdən Tovuz regionunu seçib. Xatırladaq ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə etinasızlıq göstərərək Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal altında saxlayır. Bundan əlavə, ABŞ Dövlət Departamenti qondarma “DQR”i müstəqil ölkə kimi tanımır, Azərbaycanın ərazi bütövlüyünə hörmət edir və onu dəstəkləyir”.

Jurnalist daha sonra yazır ki, Azərbaycan və Ermənistan 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalayıblar, lakin bu sazişə tam riayət edilmir və vaxtaşırı olaraq müxtəlif toqquşmalar baş verir:
“Bütün bunlara baxmayaraq, toqquşmaya COVID-19-un təhrik etməsi nəzəriyyəsi də eyni dərəcədə ehtimallıdır. Bu gün dünyada koronavirusun yayılmasının izlənməsi sisteminin məlumatına görə Ermənistanda 34001 yoluxma halı və 620 ölüm faktı qeydə alınıb”.

Məqalə müəllifi qeyd edir ki, ölkə koronavirusun birinci dalğasından sonra fövqəladə vəziyyət rejimindədir. Yoluxanların xəstəxanalara yerləşdirilməsi imkanları tükənib. Dünya ölkələrinin əksəriyyətində olduğu kimi, Ermənistanda da pandemiya insanların gəlirlərinin itirilməsinə, onların işdən azad edilməsinə gətirib çıxarıb və vətəndaşların çoxu ciddi maliyyə problemləri ilə üzləşirlər.

Tənqidçilər Ermənistan hökumətini və baş nazir Nikol Paşinyanı böhranın səmərəsiz idarə edilməsində təqsirləndirirlər. Analitiklərin fikrincə, bu vəziyyət siyasi böhrana çevrilə bilər.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut bildirib: “Paşinyan administrasiyası eyni vaxtda bir neçə ciddi problemlə üzləşib”.

Arye Qut deyib: “COVID-19-la əlaqədar Ermənistanda iqtisadi böhran və daxili siyasi problemlər real gündəlikdədir. Paşinyanın əleyhdarları və müxalifət tərəfindən təzyiq də öz yerində. Bu halda xalqın diqqətini koronavirus pandemiyası ilə əlaqədar ölkə daxilində yaranmış ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq üçün Azərbaycanla kiçik bir müharibə yeganə çıxış yolu ola bilərdi. Koronavirus Ermənistanı fəlakət həddinə çatdırıb və ölkə dəhşətli epidemioloji vəziyyətdədir”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı bildirib ki, hazırda sərhəddə vəziyyət sabitdir. Vaqif Dərgahlı deyib: “İyulun 12-dən 14-dək vəziyyət çox gərgin idi. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır, rəsmi Bakı isə illər boyu bu münaqişənin dinc yolla nizamlanmasına ümid edirdi. Hətta bu gün də Azərbaycan müharibəyə başlamaq niyyətində deyil. Biz sülh və həmrəylik istəyirik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər