Almaniya donanmada istifadə edilən vasitə və avadanlıqlar xaricində Türkiyəyə silah satışını dayandırıb.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas açıqlayıb.
Nazir Türkiyənin artıq Almaniyadan silah tədarük etmədiyini söyləyib: "Ankaranın idxal üçün çox sayda silah tələbinə mənfi cavab verilib. Artıq sadəcə dəniz qüvvələrində istifadə edən məhsullar təqdim edirik".
Hayko Maas Türkiyənin NATO müttəfiqi olduğuna və Türkiyə hökumətinin üzərinə ittifaqı müdafiə edən vəzifələr götürdüyünə diqqət çəkib. O, Türkiyənin Suriyada etdiklərinin qəbuledilməz olduğunu vurğulayıb.
Alman nazir xarici güclərin Liviyaya silah göndərməsinə göz yummayacaqlarını da bildirib: “Almaniya, Fransa və İtaliya olaraq birinci mərhələdə Liviyaya silah göndərən şirkətlərə Avropa İttifaqının sanksiyalarının tətbiqi ilə bağlı razılığa gəldik. Bu, işə yaramasa, silah embarqosunu pozan dövlətlərə qarşı sanksiya tətbiq etməyə hazır olmaq məcburiyyətindəyik”.