10 Oktyabr 2014 19:41
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın nüfuzlu “LesEchos” qəzetində gələn ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarından bəhs edən “Azərbaycan: Avropa Oyunları diqqət mərkəzində” başlıqlı məqalə dərc olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məqalədə Azərbaycan tərəfinin Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməyə və bununla da dünya ictimaiyyətinə ölkəmizi olimpiya vətəni kimi göstərməyə səy etdiyi yer alıb.

Müəllif Oliviye Bundən qeyd edir ki, regionun aparıcı dövləti olan Azərbaycan bir neçə ildir, inkişaf səviyyəsi ilə beynəlxalq aləmdə ciddi nüfuz qazanıb və bununla da Qərb qonşularının diqqətini özünə cəlb edib.

Məqalədə Azərbaycanın iki dəfə olimpiya oyunlarına ev sahibliyi etməyə cəhd göstərməsi və sonda istəyinə nail olması xüsusi qeyd olunub. Fransız jurnalist Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin Azərbaycana tez-tez belə beynəlxalq miqyaslı yarışların keçirilməsinə imkan verəcəyini məqalədə bildirib.

Fransız jurnalist Rusiya, Türkiyə və İranla sərhəddə yerləşən və 10milyon əhalisi olan ölkəmizin neftlə zənginliyindən bəhs edib, müxtəlif xidmət növləri sektorunu inkişaf etdirməklə və turizm imkanlarını genişləndirməklə iqtisadiyyatını daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Məqalədə Azərbaycan xalqının tolerant sivilizasiya keyfiyyətinə malik olduğu, Avropa və Asiya arasında körpü rolu oynadığı, ölkəmizin öz coğrafi vəziyyətinə görə, mühüm geosiyasi məkanda yerləşdiyi və daha çox Qərbə inteqrasiyaya maraqlı olduğu, Avropaya özünü yüksək səviyyədə inkişafı ilə nəyə qadir olduğunu göstərməyə cəhd etdiyi barədə fransız oxuculara ətraflı məlumat verilib. Habelə, məqalədə 2015-ci ilin iyun ayında təşkil olunacaq Avropa Oyunlarında Avropanın 49 ölkəsini təmsil edən 6 min idmançının iştirak edəcəyini diqqətə çatdırıb.

O.Bundən gözlənilən etimadı doğrultmaq məqsədilə Avropa Oyunlarını izləyəcək 65 min tamaşaçı üçün nəzərdə tutulan və bütün tələlərə cavab verən müasir tipli stadionun tikintisinin sürətlə aparıldığını vurğulayıb.

Təşkilat Komitəsinin Avropa Oyunlarına hazırlığın gedişatını izləmək məqsədilə artıq dörd dəfə ölkəmizə səfər etdiyi, oyunların televiziya vasitəsilə bütün dünyaya yayımlanacağı məqalədə xüsusi qeyd olunub. Avropa Oyunlarının keçirilməsində Azərbaycanın ciddi inadkarlıq göstərdiyini diqqətə çatdıran müəllif qeyd edir ki, bununla da Azərbaycan ölkənin inkişaf strategiyasını dünya ictimaiyyətinə çatdırmaq istəyib. Sonda bildirilir ki, 2024-cü ildə keçiriləcək yay olimpiya oyunlarına ev sahibliyi etmək istəyən namizəd şəhərlər arasında Bakının şansı daha çoxdur.

Səxavət


Müəllif:

Oxşar xəbərlər