İngiltərə Silahlı Qüvvələri modernləşmək təklifinin bir hissəsi olaraq tanklardan imtina etməyi düşünür.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, hökumət ötən il köhnəlmiş hesab olunan “Challenger 2” tanklarını və “Warrior” piyada döyüş maşınlarının modernləşdirilməsi baha başa gəldiyi üçün bu təklifi nəzərdən keçirir.
İngiltərə Müdafiə Nazirliyi hesab edir ki, müasir müharibələrin dəyişkən xarakteri kiber silah, kosmik və digər qabaqcıl texnologiyalara böyük sərmayə tələb edir.
Tanklardan imtina təklifi ilə bağlı müzakirələrin noyabr ayında başa çatacağı açıqlanıb. Qeyd edilib ki, Almaniyadan “Challenger 2”ləri yeniləmək və ya “Leopard 2” tankları almaq üçün hələ bir fürsət olsa da, Böyük Britaniya artıq ağır zirehli texnikalardan imtina etmək və alyansa hərbi töhfəsini yenidən nəzərdən keçirmək təklifi ilə NATO tərəfdaşlarının rəyini gözləyir.
Yeni təklifə əsasən, İngiltərə hücum təyyarələrində liderliyə diqqət yetirəcək, müttəfiqlərinə 50 “Apache” helikopterini, həmçinin kəşfiyyat vertolyotlarını təklif edəcək.