Rusiya Xarici işlər naziri Sergey Lavrov 8 il fasilədən sonra dünən ikinci dəfə Dəməşqə səfər edib.
Teleqraf.com xəbər verir ki, Lavrovun çantasında Suriya Konstitusiya Komitəsi, İdlib və Fəratın şərqi ilə bağlı yeni rus planı və iqtisadi layihələr olub.
Lavrov Dəməşqdə ilk olaraq Xarici işlər naziri Vəlid əl-Müəllimlə görüşüb, daha sonra Əsədlə müzakirələrə yollanıb.
Görüşdən sonra açıqlama verən rus diplomat deyib ki, mövcud vəziyyəti detallı müzakirə ediblər: “Suriyadakı durumun nisbətən sabitləşdiyi və bu tendensiya üzərində işləmək lazım olduğu qənaətinə gəldik”.
Suriyada qalan terror yuvalarının tamamilə məhv ediləcəyini bəyan edən Sergey Lavrov Rusiyanın Suriyadan Liviyaya əsgər aparmaq üçün istifadə etdiyi haqda iddialarını təkzib edib.
Maraqlıdır ki, Lavrov Türkiyə ilə Rusiya arasında imzalanan razılaşmanın əhəmiyyəti haqqında da fikir bildirib: “Hazırda iki ölkənin əmək sərf elədiyi ən əhəmiyyətli məsələ İdlibdə gərginliyi azaltmaqdır”.
Rusiya Xarici işlər naziri həmçinin liberal müxalifətlə terrorçuların bir-birindən ayrılmasına, M4 şosesinin azad edilməsi və bu yol üzərində təhlükəsizlik dəhlizinin yaradılmasını vacib sayıb.