Bu gün dünya ABŞ Prezidenti Donald Trampın Amerika əsgərlərini İraqdan çıxarmaq haqda bəyanat verəcəyini gözləyir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp Korolina ştatına səfərdən dönərkən prezident təyyarəsində olan və adı açıqlanmayan bir dövlət rəsmisi jurnalistlərlə söhbətdə bu haqda danışıb.
O bildirib ki, Prezident Tramp İraqdakı ABŞ əsgərlərinin ölkəyə qaytarılması üçün çərşənbə günü qərar verəcəyi gözlənilir. Bir müddət sonra Əfqanıstanla bağlı da analoji qərarın qəbul ediləcəyi ehtimal olunur.
ABŞ mediası 3 noyabr prezident seçkiləri ərəfəsində “sonu görünməyən müharibələri bitirməyə” söz vermiş Trampın bu qərarlarla seçicilərə mesaj göndərmək istədiyi bildirilir.
Xatırladaq ki, Donald Tramp və İraq Baş naziri Mustafa Kazimi avqustuin 20-da Ağ Evdə müzakirələr aparıblar. Bu görüşdən əvvəl Prezident Tramp bildirib ki, əsgərlərimizin İraqdan sürətli şəkildə çıxarmağa çalışır: “ABŞ-ın orada qalmaq məcburiyyti olmadığı günü səbirsizliklə gözləyirik”.
Bəzi media quruluşları isə hesab edir ki, Tramp İraqdakı bütün ABŞ əsgərlərini yox, ordunun müəyyən hissəsini çıxarmaq qərarı verəcək. Ehtimal edilir ki, ABŞ-ın İraqdakı hərbi personalının sayı 3500 nəfərə endiriləcək.