17 Sentyabr 2020 10:31
49 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Türkiyə və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, görüşdə İdlibdəki qüvvələrinin təhlükəsizliyi, iki ölkə arasında əldə olunan razılaşmaların həyata keçirilməsi məsələləri müzakirə edilib.

Ankarada türk və rus heyətləri arasında görüşlər davam edərkən Əsəd rejimi tərəfindən idarə olunan bəzi qruplar İdlibdə gərginliyin azaldılması bölgəsindəki müşahidə postlarına hücum edib. Türkiyə isə atəşkəsə əməl edilməsinə dair çağırış edib.

Ankarada baş tutan türk-rus danışıqlarında Liviya məsələsi də müzakirə olunub. Rusiyadan Ankaraya səfər edən heyət ilk olaraq Türkiyə Xarici İşlər Nazirliyində olub, burada 1 saat ərzində Liviya və Suriya məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Amma tərəflər arasında uzlaşma əldə edilməyib.

Rusiyadan gələn heyət daha sonra Milli Müdafiə Nazirliyində müzakirələr aparıb. Müzakirələr davam etdiyi vaxtda İdlib istiqamətində Türkiyə hərbçilərinin müşahidə postlarına hücum edildiyi haqda xəbər yayılıb. Məlum olub ki, Bəşər Əsədə bağlı qruplar türk əsgərlərinin olduğu 6 posta yaxınlaşıb. 7 nömrəli müşahidə postuna isə hücum edilib.

Görüş zamanı Türkiyə tərəfinin 5 martda əldə edilən razılaşmaya əməl edilməsi çağırışını yenilədiyi, Rusiyanın isə Türkiyədən İdlibdəki hərbçilərinin sayını azaltmaq istədiyi bəlli olub. Qeyri-rəsmi məlumatlara görə, Rusiya tərəfi Türkiyədən Əsəd rejiminin nəzarətində olan bölgələrdəki bəzi müşahidə postlarının götürülməsini tələb edib, lakin Ankara bu tələbi rədd edib.

Qeyd edək ki, danışıqlardan əvvəlki günlərdə Rusiyaya aid qırıcılar İdlib çevrəsində çoxlu sayda nöqtəni vurub. Bundan sonra isə Rusiyanın Türkiyə ilə Lazkiyə-Hələp şosesində planlaşdırılan ortaq patrul xidmətinə qatılmaması diqqət çəkib.

Yerli qaynaqlara görə, Rusiya İranın dəstəyini alaraq Suriya rejimi ilə birlikdə İdlib istiqamətində əhatəli hücum hazırlığına başlayıb. İddiaya görə, Rusiya tərəfindən dəstəklənən Bəşər Əsəd qış gəlməzdən əvvəl müxalifətin əlində olan strateji bölgələri ələ keçirmək üçün hazırlıqlar həyata keçirir.


Müəllif: Cavad

Oxşar xəbərlər