Yunanıstanın adalar və Şərqi Aralıq dənizi bölgəsində gərginliyi artırmaq yönündə addımları davam edir.
Teleqraf.com xəbər verir ki, adaları silahlandırmaqla Türkiyəyə təhdid yaradan Yunanıstan bu dəfə NATO təlimlərindən sonra Rodos üzərində uçuş həyata keçirən ABŞ-ın ağır bombardmançı təyyarəsi ilə birlikdə uçub.
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları NATO-nun təlimlərinə qatılan ABŞ-ın B-52 bombardmançı təyyarəsi ilə birlikdə uçuş həyata keçirib. Həmin anın görüntülərini Yunanıstan Baş Qərargahı yayıb.
B-52 bombardmançısı son bir ayda ikinci dəfədir ki, Egey dənizi səmalarında uçuş həyata keçirib. NATO əməliyyatları çərçivəsində İngiltərədən havaya qalxan B-52 Fransa, İsveçrə və İtaliyadan keçərək Yunanıstan hava sahəsinə daxil olub. Bu zaman Yunanıstana aid 4 ədəd qırıcı havaya qalxaraq bombardmançı təyyarəyə “yoldaşlıq” edib.