Rusiyanın “Komsomolskaya Pravda” nəşri Belarus Prezidenti Aleksandr Lukaşenkonun 16 yaşlı oğlunun Moskvada harada təhsil alacağı barədə araşdırma aparıb. Məlum olub ki, Nikolay Lukaşenko əvvəlcə distant qaydada oxuyacaq.
Teleqraf.com sözügedən araşdırmanı təqdim edir.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu Nikolay dünyanın ən məşhur prezident övladlarından biri hesab olunur. Uşaq hələ gəzməyi öyrənən kimi atası onu kütləvi yerlərə aparıb. Lukaşenko ilk dəfə üç yaşlı oğlunu şənbə günü təmizlik işləri görməyə gedərkən özü ilə götürüb. Sonra oğlan atasını dünyanın müxtəlif ölkələrinə rəsmi səfərlərində müşayiət etməyə başlayıb.
Kolya Vladimir Putin, Mişel və Barak Obama, Uqo Çaves, Si Cinpin, Viktor Yanukoviç və Viktor Yuşşenko, Nursultan Nazarbayevlə şəxsən tanışdır, iki dəfə katolik kilsəsinin başçıları – Papa XVI Benedikt və Fransisk ilə görüşüb. O, qızıl saçlı adlandırıldığı Çində sevilir. Bu il Moskvada Qələbə paradında bir çoxu uşağın bir metr doxsan santimetr boyu olan mütənasib bir gəncə çevrilməsini müşahidə etdi.
Kimya və biologiya üzrə əlaçı
Ata sevimli övladının harada oxuduğunu gizlətmir: onun iddiasına görə “kənd məktəbində” – Minsk rayonunun Ostroşitsk şəhərciyində (yaşayış yeri üzrə).
"İnternetdə yazırlar ki, guya o, dərsə bir gün gedir, sonra müəllimlər evə gəlirlər. Belə bir şey yoxdur! Mənim uşağım yalnız məktəbdə oxuyur, kənd məktəbində. Biz yaxınlıqda, eyni kənddə yaşayırıq. Məktəbdə 500-dən çox uşaq var”, – Lukaşenko demişdi.
Medianın “Belarus şahzadəsi” adlandırdığı gəncin mükəmməl davranışlara sahib olduğu qeyd olunur. O, ehtiyatlıdır, tərbiyəlidir, xarici dilləri öyrənir, fortepiano sinfində musiqi təhsili alır (bir görüş zamanı fortepianoda elə gözəl çalırdı ki, atasını göz yaşlarına boğdu).
Kolya təbiət elmlərinə meyl göstərir. Aleksandr Qriqoryeviçin oğlunun Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına daxil olmasına qarşı olmadığı söylənilir.
Bu il Kolya 9-cu sinfi bitirdi və may ayında Belarus Dövlət Universiteti (BDU) nəzdindəki liseydə yazılı imtahanları biologiya profilini seçərək uğurla verib. Hər bir yer üçün müsabiqəyə 6,5 nəfər düşürdü. Xəbər verildiyi kimi, cəmi 44 biologiya profil yeri üçün 286 abituriyent sənəd vermişdi. Yeri gəlmişkən, prezidentin nəvəsi Darya Lukaşenko da eyni yerə daxi olub. Ancaq sentyabrın 1-də liseydəki ümumi yığıncaqda jurnalistlər Nikolayı görmədilər.
Moskva Dövlət Universitetinin gimnaziyasına keçəcək?
- Sizin üçün qeyri-rəsmi olaraq deyirik, Nikolay bizdə oxumayacaq, - deyə Minskdəki liseydən “KP”-yə anonimlik şərti ilə bildiriblər. - Bizə rəsmi şərh vermək qadağandır, çünki şəxs yetkinlik yaşına çatmayıb və valideynin razılığı olmadan onun haqqında media üçün danışa bilmərik.
- Bəli, doğrudur: Kolya sənədlərini BDU liseyindən götürüb, - Belarus Milli Elmlər Akademiyasının keçmiş prezidenti və hazırda baş elmi tədqiqatçısı olan Aleksandr Voytoviç “KP”-yə təsdiqləyib. - Avqust ayında baş verən hadisələrdən sonra Lukaşenkonın mühafizə xidməti vəziyyəti qiymətləndirib və Kolya üçün çox diskomfort olacağı qənaətinə gəlib. Axı lisey baş verənlərə qarşı çıxdı. Görünür, müəllimlərin Lukaşenkoya olan pis münasibətinin onun oğluna sirayət edəcəyi qənaətinə gəliblər. Buna görə Kolya sənədlərini götürdü və Moskvada oxuyacaq.
- Bu dəqiqdir?
- Sənədləri götürməsi dəqiqdir, tamamilə dəqiqdir. Və Moskvada oxuması... Hələ bununla bağlı rəsmi açıqlamalar yoxdur. Ancaq mənim təhsil sahəsində tanışlarım var və onlar mənə Kolyanın Moskva Dövlət Universiteti (MDU) nəzdindəki gimnaziyaya köçürüləcəyini söylədilər. BDU liseyindən MDU gimnaziyasına köçürmək asandır. Kolyanın kimya və biologiyada yaxşı nəticələrinin olduğunu söyləyirlər. O, rayon olimpiadasında mükafatçıdır. Əgər nüfuzu hesabına deyilsə, əlbəttə, bu kimi suallar meydana çıxır... Və bu, universitetə girərkən əlavə ballar verir. Kolya isə əlbəttə, ali təhsil almaq niyyətindədir.
Yəqin ki, Minsk Nikolay üçün təhlükəli olardı. İndi ölkədə dərin böhran hökm sürür. Lukaşenkonun qətiyyəti göz qabağındadır. Yeganə ümidi Rusiyanın ona kömək etməsidir. O da oğlunun Moskvada təhlükəsiz olacağına ümid edir.
Lukaşenkonun böyük oğulları Viktor və Dmitri. Ata Lukaşenko bildirir ki, onlar qətiyyən hakimiyyətə can atmırlar.
Kolya adi bir gəncdir. Lukaşenko reklam etməsəydi, onu heç kim tanımayacaqdı. Kiçik yaşlarından oğlunu özü ilə rəsmi tədbirlərə aparırdı. Başqa ölkələrin prezidentləri ilə görüşlər zamanı Kolyanı dizlərinə qoyurdu, bu, qəribə görünürdü.
- Bəlkə, Kolyadan varis hazırlayırdı?
- Onun belə fikrinin olduğunu istisna etmirəm. Yenə də bizdə 35 yaşında seçilmək mümkündür, Kolya isə yalnız 16 yaşındadır.
Ana tərbiyə prosesindən uzaqlaşdırıldı
- Bilirəm ki, Kolyanın anası faktiki olaraq onun tərbiyəsindən uzaqlaşdırılıb, - deyə Aleksandr Voytoviç davam edir. - Vaxt var idi, yalnız müəyyən günlərdə ananın oğlu ilə görüşməsinə icazə verilirdi. Mən Kolyanın anasını tanıyıram. O, Lukaşenkonın şəxsi həkimi idi. Eyni zamanda tez-tez rast gəlindiyi kimi, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşıdır.
MDU kollecindən bizə məlumat verildi ki, hazırda onlarda tədris prosesi distant formada təşkil olunub. Nikolay Lukaşenkonun onlara köçürülməsi barədə heç bir məlumat daxil olmayıb. “Hərçənd ki, hər şey mümkündür”, - deyə növbətçi bizə bildirdi.
- Kolyanın sənədlərini Minskdən götürməsi yüz faiz dəqiq informasiyadır, - deyə adının çəkilməsini istəməyən keçmiş DTK əməkdaşı “KP”yə bu məlumatı təsdiqləyib. – Hələ sentyabrın 4-də mənim DTK-dan olan tanışlarım Kolyanı Minskdə görüblər. İndi isə onu gizlincə Moskvaya aparıblar. Nikolay həqiqətən prezidentin həssas yeridir. Bilirəm ki, əvvəlcə oğlanın Avropaya və ya ABŞ-a oxumağa göndərilməsi məsələsi müzakirə olunub. Ancaq Lukaşenko ilə Rusiya prezidenti arasındakı danışıqlardan sonra Kolya üçün ən təhlükəsiz yerin Rusiya olacağına qərar verilib. İlk vaxtlar Kolya Belarusun Moskvadakı səfirliyində yerləşdirilib. Vəziyyət elədir ki, konspirasiya barədə düşünməlisən. Buna görə də Kolyanın uydurma soyadla təhsil alacağı barədə düzgün qərar verildi. Ən azı ilk vaxtlar – tədris məsafədən təşkil olunduğu dövrdə belə olacaq. O, ali məktəbə gedənə qədər.
Prezidentin qanuni həyat yoldaşı Qalina kölgədə qalmağı üstün tutur.
- Nikolay təhsilini məhz harada davam etdirəcək?
- Bu informasiya məxfidir. Mənə dedilər ki, ata-oğul Lukaşenkolar Moskvadakı Timiryazev adına Akademiya barədə danışırlar. Bu, kənd təsərrüfatı universitetidir. Axı Aleksandr Lukaşenko da kənd təsərrüfatı üzrə oxuyub, yalnız Minskdə məzun olub. Və oğlunu öz davamçısı kimi görür... Kolyanın Timiryazevkaya daxil olması üçün danışıqlar aparılırdı. Nikolay Lukaşenko biologiya sahəsində yüksək səviyyədə işləyir, olimpiadaları qazanıb. Odur ki, istisna olaraq, Nikolay birbaşa universitetə qəbul edilə bilər. O, tam qanuni olaraq 11-ci sinif üçün ekstern imtahan verə bilər və qəbul ediləcək.
“Ali məktəbimizə məmnuniyyətlə qəbul edərik”
K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının rektoru Vladimir Truxaçyevə zəng edirəm.
- Hazırda Nikolay Lukaşenkonun bizim ali məktəbimizə imtahan verməsi barədə heç bir məlumatımız yoxdur, - rektor “KP”yə dedi. – Əgər o, orta təhsillə bağlı rəsmi sənəd gətirsə onu məmnuniyyətlə qəbul edərik (imtahan ekstern götürülə bilər). Sonra daxili imtahanlar aparacağıq və onların müsbət nəticələri əsasında o bizim ali məktəbə daxil olar. Mənə onun bizdə oxumaq istədiyini dedilər. Ancaq bu, bəlkə də bu günün deyil, gələcəyin sualıdır.
- Nikolayın meyli biologiyayadır...
- Biologiya bizdə profil predmetidir. Ancaq biz daha çox aqrar universitetik. Budur atlar, inəklər, atçılıq-idman mərkəzi, ferma ...
Kolyanın anası olduğu iddia edilən həkim İrina Abelskaya.
- Siz həqiqətən Kolya Lukaşenko kimi bir yaraşıqlı, zərif bir gəncin tövləyə gedəcəyini düşünürsüz?!
- Gedəcək. Əgər bizdə oxusa, gedəcək! Biz onu aparacağıq. Əgər Nikolay Lukaşenko bizimlə oxumağa gəlsə, sözsüz ki, mən onu qəyyumluğa götürəcəm. Mən bunu bütün məşhur valideynlərin övladları ilə edirəm, bizdə nazirlərin də övladları oxuyur. Ona dəstək olmalıyıq. Uşağın orada xüsusi şəraitdə yaşaması ilə heç bir əlaqəsi yoxdur. Onu uyğunlaşdırmalıyıq.
Yeri gəlmişkən…
“Prezident” məktəbində belə bir uşaq yoxdur
KİV Nikolay Lukaşenkonun Moskva yaxınlığındakı Jukovka adlanan yerdəki “Prezident” özəl məktəbinə köçürüldüyünü yazıb. Orada təhsil almaq üçün ildə 1,5 milyon rubl lazımdır. Uşaqlar üç dili – ingilis, fransız və alman dillərini öyrənirlər. Məktəbin ərazisi diqqətlə qorunur.
“Prezident” məktəbinə zəng edirəm. Direktorun müavini Svetlana Sabelnikova son dərəcə nəzakətlidir: “Bunu ilk soruşan siz deyilsiniz. Xeyr, bu, səhv məlumatdır. Bizdə belə uşaq yoxdur”.
Lukaşenkonun oğlu uşaqlıqdan dünya gücləri arasında gəzib-dolaşır. Həm prezidentlərlə, həm də Roma Papası XVI Benediktlə görüşüb.
Varis olmaq istəmir
Avqust ayında, seçkilər ərəfəsində Aleksandr Lukaşenko bu sualı cavablandırmışdı: oğlunu varisi kimi görürmü? “Mən Kolyanı prezidentliyə hazırlamıram və bunu istəmirəm. Bəzən söhbətlərimiz olur, böyük oğlum da dövlət qulluğuna getmək istəmir. Kolya fəallarla bütün görüşlərdə iştirak etdi, o, fərqli bir uşaq oldu, böyüdü, bütün bu çirkabları gördü. Heç bir halda... O, kimya və biologiyada bacarıqlı bir gəncdir. O başa düşür ki, bu onun üçün hər şeydir. Xarici dili də mənim üçün o tərcümə edir”, - deyə Belarus rəhbəri bəyan etmişdi.
“KP”nin dosyesindən
Belarus Prezidenti həyat yoldaşı Qalina Lukaşenko ilə 1975-ci ildə evlənib. Bu nikahdan Aleksandr Lukaşenkonun iki oğlu (1975-ci il təvəllüdlü Viktor və 1980-ci il təvəllüdlü Dmitri) və yeddi nəvəsi var. Onun üçüncü oğlu Nikolayın anasının Prezidentin İşlər İdarəsinin Respublika Tibb Mərkəzinin baş həkimi İrina Abelskaya olduğu güman olunur.