23 Sentyabr 2020 09:05
4 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq neçə müddətdir beynəlxalq mediada PKK terror təşkilatına üzvü olan terrorçuların Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə keçdiyi haqda xəbərlər dolaşır. Misirin məşhur “Cairo.24” informasiya portalı Ermənistanın terror təşkilatları ilə əməkdaşlığından bəhs edən “Uğursuz hökumətlər terrorçu ünsürlərdən istifadə edirlər” sərlövhəli geniş məqalə yayıb. Məqalədə bildirilir ki, Ermənistan əsas bazası Beyrutda yerləşən ASALA terror təşkilatının, həmçinin Suriya və İraqdakı PKK və YPG terrorçularının səfərbər edilməsinə başlayıb. İşğalçı dövlət onlardan Azərbaycana qarşı hərbi təxribatlarda istifadə etməyi planlaşdırır.

Bu gün Türkiyənin təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Abdulla Ağar da PKK terrorçularının Azərbaycanın işğal edilən ərazilərinə keçdiyinə, orada təşkilatlandıqdan sonra təkrar Türkiyəyə sızdığına dair fikirlər bildirib. Buna qədər mediada Ermənistanın Suriya və Livandan işğal olunan ərazilərimizə erməni ailələrini köçürdüyünü və bu yolla nəzarətsiz bölgələrdə öz dayaqlarını gücləndirməyə çalışdığına dair məlumatlar da kifayət qədərdir. Görünən budur ki, Ermənistan hökuməti PKK/YPG terrorçularına Qarabağda qucaq açıb.

Tarixi təcrübə isə göstərir ki, Türkiyə özünə təhdid hesab etdiyi PKK terrorçularını iki xarici ölkədə vurub, onlara qarşı hərbi əməliyyatlar keçirib. Bunun birinci misalı Suriya, digəri isə İraqın şimal regionudur.

Politoloq Oqtay Qasımov Teleqraf.com-a deyib ki, Türkiyə ona təhdid yaradan PKK ünsürlərini hər yerdə vura bilər və bu onun hüququdur.

Onun fikrincə, PKK-nın Dağlıq Qarabağda olması, buradan onlardan istifadə edilməsinə dair məlumatlar illər əvvəl də mətbuata sızıb:

“Bir sıra hallarda belə məlumatlar sonradan təsdiqini tapırdı. Mən 2010-cu ildən sonrakı dövrdən danışıram. Bu dövdə bir neçə mənbədən məlumat yayılmışdı ki, Ermənistan PKK terror təşkilatı ilə müəyyən əlaqələri nəticəsində onların daha təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi üçün Dağlıq Qarabağda yerləşməsinə razılaşıb. Son günlər Misir mətbuatında gedən məqalədə də ciddi informasiya verilir. Xatırlayırsınızsa, Qamışlıda yaşayan ermənilərin yaratdığı terror dəstələrinin foto və videoları internetdə də yayılmışdı. Həmin dəstələrin PYD ilə birlikdə Türk ordusuna qarşı döyüşməyə hazır olduğu qeyd edilirdi. Yəni bunlar yeni məsələlər deyil, davamlı formada davam edir. Həm də bu yalnız ermənilərin imkanları daxilində olan məsələ deyil. Hesab edirəm ki, burada Türkiyəyə qarşı olan region ölkələrinin, habelə Suriya və İraqda maraqları olan böyük dövlətlərin də rolu var. Yoxsa Ermənistan kimi zəif dövlətin hamı tərəfindən tanınan terror təşkilatı ilə belə razılaşmaya gedəcəyi inandırıcı görünmür”.

Mütəxəssis hesab edir ki, terrorçuları öz ərazisinə və işğal etdiyi Dağlıq Qarabağa cəlb etməklə Ermənistan iki məqsəd güdə bilər:

“Birincisi demoqrafik vəziyyətlə bağlı olaraq ordudakı çatışmazlıqları aradan qaldırmaq, digər tərəfdən konkret terror fəaliyyəti və döyüş təcrübəsi olan peşəkar terrorçuların cəlb edilməsi ilə Azərbaycana qarşı müqaviməti artırmaqdır. Sonrakı mərhələdə isə terror aktları törətmək kimi planlar düşünülə bilər”.

Türkiyənin Qarabağda möhkəmlənməkdə olan PKK ünsürlərinə qarşı hansı addımlar ata biləcəyinə gəldikdə müsahibimiz xatırladıb ki, Türkiyə ilə yanaşı, əksər beynəlxalq qurum və dövətlər PKK-nı terror təşkilatı kimi tanıyıblar:

“Türkiyə dövləti də PKK ilə istədiyi məkanda və harada olmasından asılı olmayaraq mübarizə aparır. 1999-cu ildə Türkiyə PKK lideri Abdulla Öcalanı ələ keçirmək üçün Tanzaniyada əməliyyat keçirdi və həbs etdi. Bu baxımdan Türkiyənin PKK-ya qarşı mübarizə üçün əlində legitim və qanuni əsasları var. Əgər PKK Qarabağda yerləşdirilərsə, Türkiyənin ona qarşı mübarizə aparmaq hüququ olacaq. Necə ki, ABŞ Talibana qarşı mübarizə çərçivəsində Əfqanıstanda mübarizə aparır, İŞİD-ə qarşı onlarla dövlət İraq və Suriyada mübarizə aparırdı. Terrorla qarşı mübarizə aparmaq suveren dövlətlərin legitim və qanuni haqqıdır. Türkiyənin də belə hüququ var. Ancaq bu məsələlərlə bağlı qərar verəcək tərəf Türk dövlətidir. Bir daha qeyd edim ki, Türkiyənin belə bir haqqı var və bu mümkündür. Türkiyədən olan PKK ünsürlərinin Suriya, İraq, İran xətti ilə Ermənistana daşınması, habelə Dağlıq Qarabağda təlimlər keçməsi təsdiqini taparsa, bu həm Azərbaycan, həm də Türkiyəyə qabaqlayıcı tədbirlər görmək üçün əsas verəcək".


Müəllif: Cavad

Oxşar xəbərlər