Noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Feysbuk sosial şəbəkəsi Rusiyaya bağlı olan bəzi təxribatçı hesabları bağladığını elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Facebook İnc" şirkətinə aid internet saytında açıqlama verilib.
Məlumata görə, Rusiyanın ABŞ-da keçiriləcək prezident seçkilərinə qarşı istifadə edə biləcəyi 350-yə yaxın potensial təxribatçı hesablar bağlanıb.
Rusiyanın hərbi və kəşfiyyat qurumları ilə əlaqəsi olduğu bildirilən üç ayrı dezinformasiya yayan şəbəkənin də təsbit edidiyi bildirilən açıqlamada Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxiləsinin mərkəzində yer alan internet hesablarının tamamilə çökdürülməsinin əsas hədəf olduğu da açıqlanıb.
Məlumatda bildirilib ki, dondurulan hesabların 3 noyabrda keçiriləcək prezident seçkilərinə təsir göstərmək, səsvermənin nə dərəcədə sağlam olduğu haqda müzakirələr təşkil etmək və seçki nəticəsi haqda mübahisələr açmaq məqsədilə istifadə edilə biləcəyi narahatlığı səbəbindən müdaxilə edilib.
Qeyd edək ki, Feysbuk rəhbəliyinin Rusiyaya bağlı təxribatçı hesabları dondurması Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən edilən xəbərdarlıqdan iki gün sonra baş tutub.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Departamenti də seçkilərdən dərhal sonra ölkənin seçki sisteminə dair dezinformasiyanın ən yüksək səviyyədə olacağına dair xəbərdarlıq edib.