29 Sentyabr 2020 15:58
10 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Rusiya üçün Azərbaycanı itirmək Cənubi Qafqazı tam itirmək anlamına gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspertin sözlərinə görə, Rusiyanın siyasi dairələrində Dağlıq Qarabağda baş verən əməliyyatlarla bağlı ziddiyyətlər ortaya çıxıb:

“Bir neçə gündür Rusiyada Qarabağdakı hərbi əməliyyatlarla bağlı prezident, Təhlükəsizlik Şurası və hökumət üzvlərinin sərgilədiyi mövqeləri izləyirəm. Qənaətim budur ki, Rusiya siyasi elitasında Qarabağdakı hərbi əməliyyatlarla bağlı fikir haçalanması mövcuddur. Ənənəvi ermənipərəst şəbəkə - bu şəbəkənin “görkəmli” rus və erməni simaları Xarici İşlər Nazirliyi və təhlükəsizlik qurumlarındakı uzantıları üçün bu hərbi əməliyyatlar göydəndüşmə fürsət oldu.

Bu şəbəkə hərbi əməliyyatlara müdaxiləsi üçün Rusiyanın Azərbaycana və Türkiyəyə sərt mövqe sərgiləməsi yönündə bütün mümkün vasitələri səfərbər edib”.

Yeganə Hacıyeva bildirib ki, Kremldə ənənəvi rus dövlətçi qüvvələri, onların ictimai-siyasi nümayəndələri Qarabağdakı hərbi əməliyyatlarda Azərbaycanın haqlı olması və Rusiyanın hələlik müşahidəçi kimi qalmasını doğru hesab edirlər:

“Müzakirələr təxminən bu qruplar arasında Rusiyanın Ermənistan və Azərbaycanı itirməmək seçimi yönündə davam edir. Reallıq isə tamam fərqlidir. Məsələ ondadır ki, bu gün Rusiya üçün seçim Ermənistan və ya Azərbaycanı itirməmək arasında deyil. Bu gün Rusiya üçün seçim Cənubi Qafqazı itirmək, ya da itirməmək arasındadır.

Son onilliyin dəyişən geosiyasi və geoiqtisadi reallığında bu gün Rusiya üçün Azərbaycanı itirmək Cənubi Qafqazı tam itirmək anlamına gəlir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər