Son dönəmdə türk mallarına qarşı başladığı embarqo qərarları ilə gündəmdə olan Səudiyyə Ərəbistanından yeni həmlə gəlib.
Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi bu dəfə Türkiyədə ev alan vətəndaşlarını təqib etdirməyə başlayıb.
Səudiyyə hökuməti rəsmilərinin birbaşa zəng edərək, Türkiyədəki mülklərini satmağı tələb etdiyi üzə çıxıb. Səudiyyə Milli Təhlükəsizlik Xidmətinin (Mabahith) ölkədən valyuta çıxışına nəzarəti gücləndirdiyi, Türkiyəyə 100 min dollardan çox pul göndərən şəxslərin cərimələndiyi bildirilib. Türkiyə ilə yaxın əlaqələri olan iş adamlarından da bu ölkə ilə ticarəti dayandırmağı tələb edildiyi, onlara bu yöndə təzyiqlərin olunduğu vurğulanıb.
Türk mediası bu təlimatların şahzadə Məhəmməd bin Salman tərəfindən verildiyini yazıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının qurucusu, ilk kral İbn Səudun nəvəsi, şahzadə Əbdülrəhman bin Musa əl-Səud da ötən günlərdə sosial şəbəkədə hər kəsi türk mallarını boykot etməyə çağırmışdı.