Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fransız məhsullarını boykot çağırışı Fransada reaksiyaya səbəb olub. İslam peyğəmbərinə hücum edən fransız nəşri “Charlie Hebdo”nun bu dəfə Türkiyə liderini hədəf alması etiraz yaradıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğanın müsəlmanları təhqir edən fransız həmkarı Emmanuel Makronu sərt tənqid etməsindən sonra Fransanın media qurumlarında anti-Türkiyə təbliğatı güclənib.
Fransanın həm sağ, həm də solçu nəşrləri Türkiyə liderini təhqir edən materiallar dərc etməyə başlayıb. Həmin nəşrlər İslam peyğəmbərini təhqir edən karikatura yayımlayan “Charlie Hebdo”nun da himayədarı qismindən çıxış edirlər.
Bunlardan biri olan “Le Monde” qəzeti fransız siyasətçilərin açıqlamalarındakı qərəz və təhqirləri görməzdən gələrək, bütün “günahı” Türkiyədə axtarmağa başlayıb. Amma qəzetdə dərc olunan Mari Jeqo imzalı bir məqalədə Fransanın Türkiyə və İslam dünyasına qarşı düşmən münasibətinin səbəbi etiraf edilib.
“Türkiyə prezidenti fransız həmkarını sərt tənqid etdikdən sonra Fransanın Ankaradakı səfiri geri çağırıldı. İmamların fəaliyyətlərinin qarşısını alan Paris Türkiyənin din vasitəsilə ölkədəki nüfuz dairəsini məhdudlaşdırmağa çalışır”, - məqalədə qeyd olunub.
Beləliklə, Fransanın Türkiyənin bölgədə artan nüfuzunun qarşısını almaq üçün müsəlmanlara təzyiq etdiyi açıq şəkildə dilə gətirilib. Eyni qəzetdə bu gün yayımlanan başqa bir məqalədə Ayasofya məscidinin ibadətə açılması da müzakirə edilib. Ərdoğanın bununla Türkiyəni Qərbdən uzaqlaşdırmağa çalışdığı iddia olunub.