13 Noyabr 2020 15:22
2 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərindəki qalibiyyəti dünyanın nüfuzlu nəşrlərinin də diqqətini çəkib.

Teleqraf.com xəbər verir ki, Avropa və ABŞ-ın bir çox media qurumları savaşın nəticələrinə geniş yer ayırıblar.

Fransanın “Le Monde” qəzeti imzalanan atəşkəs razılaşmasının Azərbaycanın qələbəsini təsdiqlədiyini yazıb, Ermənistanın Dağlıq Qarabağda hərbi nəzarəti itirdiyini vurğulayıb.

Məqalədə Şuşanın işğaldan azad edilməsinin münaqişədə mühüm dönüş nöqtəsi olduğu, Ermənistanın 44 günlük müharibə dövründə xalqına döyüş meydanında yalan danışdığı vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qafqazın cənubundakı nüfuzunu artırdığı da toxunulan məsələlər arasındadır.

“Le Figaro” qəzetinin yazısında Rusiya lideri Putinin Dağlıq Qarabağ məsələsində Ərdoğanla bir çox telefon görüşü keçirdiyinə diqqət çəkilib. Nəşr Moskvadakı Lomonosov Universitetinin mütəxəssisi Aleksey Fenenkonun şərhinə də yer verib. Fenenko ATƏT-in Minsk Qrupunun bundan sonra necə var olacağının bilinmədiyini bildirib.

İsveçrənin nüfuzlu nəşrlərindən biri olan “Le Temps” də, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Rusiya və Türkiyənin bölgədə yeni durum formalaşdırdığını yazıb.

ABŞ və Avropanın bölgədəki nüfuzlarının itirilməsinə toxunulan məqalədə ABŞ Prezidenti Donald Tramp və xələfi Co Beyden Ağ Evin kürsüsü uğrunda mübarizə apararkən, Dağlıq Qarabağda silahların səssiz qaldığı qeyd edilib.

Məqalədə ayrıca Trampın Azərbaycanla Ermənistan arasında ölümcül bir qarşıdurmanı dayandıra bilmədiyi deyilib: “Türkiyə və Rusiya qazandı. Sabahın diplomatik mənzərəsi Qərbin lehinə deyil”.

Fransa Prezidenti Emmanuel Makron və Co Baydenin onsuz da itirənlər arasında olduğu vurğulanan məqalədə, Türkiyə və Rusiya arasında bölgədə yüksək əməkdaşlığın olduğuna diqqət çəkilib.

Ukraynanın “Sevodniya” saytının məqaləsində Ermənistanın Dağlıq Qarabağdakı işğalına son qoyan razılaşma ilə Azərbaycanın işğal olunmuş ərazilərini azad etdiyi bildirilib, Türkiyənin müdafiə sənayesi məhsullarının Azərbaycanın qələbəsindəki rolu vurğulanıb. Məqalədə savaşın nəticələrinin Türkiyənin regional liderlik mövqeyini daha da gücləndirdiyi qeyd edilib.

“TSN” saytının xəbərlərində bu razılaşma ”Azərbaycanın qələbəsi” kimi qiymətləndirilib, Bakının Dağlıq Qarabağda hərbi uğur qazandığı bildirilib.

Fransanın İsraildəki keçmiş səfiri Cerard Araud da, Dağlıq Qarabağdakı son durumu, Naxçıvanla Azərbaycan arasında qurulacaq dəhlizi göstərən bir xəritə yayımlayaraq, bunun Türkiyənin geosiyasi bir uğuru, Ermənistanın isə məğlubiyyəti olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu