İndoneziyanın paytaxtı Cakarta şəhərindəki Ermənistan Respublikasının səfirliyi qarşısında Azərbaycana dəstək aksiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, İslam Əməkdaşlığı Gənclər Forumu (İƏGF) Avrasiya üzrə Regional Mərkəzinin “Qarabağ-Azərbaycandır!” şüarı ilə keçirilən beynəlxalq fəaliyyətləri çərçivəsində baş tutan aksiyada İndoneziyanın 40-dan artıq gənclər təşkilatının sədrləri və nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın yürütdüyü işğalçılıq siyasətini və hərbi təcavüzü pisləyərək Azərbaycanın beynəlxalq hüquqa əsasən öz ərazi bütövlüyünü təmin etməsini alqışlayıblar və bu münasibətlə Azərbaycan xalqını və hökumətini təbrik ediblər.
Aksiyada Ermənistan hökumətinə və xalqına aqressiv xarici siyasətdən, qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkməyə, atəşkəs haqqında bəyanatın bütün müddəalarını tam və vaxtında yerinə yetirməyə və regionda dayanıqlı sülhün əldə edilməsi üçün revanşizm düşüncəsindən əl çəkməyə çağırış edilib.
İştirakçılar adından Tantan Taufiq Lubis, Syafii Efendi və Astrid Nadya Rizqita çıxış edərək aksiyanın müvafiq bəyanatını oxuyublar.
Xatırladaq ki, İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin beynəlxalq İdarə heyəti 2020-ci ilin iyul ayında “Qarabağ-Azərbaycandır!” şüarı ilə beynəlxalq kampaniyanın həyata keçirilməsi barədə qərar qəbul edib və Regional Mərkəz ötən müddət ərzində bu çərçivədə fəaliyyətlər aparıb.