ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsində düşmənə qarşı tətbiq etdiyi taktikaları araşdırmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı məlumat yayıb.
Məlumatda Qarabağda ənənəvi qüvvələrdən, yəni tanklar, piyadalar və artilleriya, kəşfiyyat və hücumçu pilotsuz təyyarələrdən istifadənin yeni bir təcrübə olduğu deyilib.
ABŞ Ordusunun yüksək vəzifəli bir generalı Qarabağdakı hərbi əməliyyatların gələcək müharibələrdə hadisələrin necə inkişaf edəcəyini təxmin etməyə imkan verdiyini söyləyib.
General Dağlıq Qarabağda Azərbaycan ordusunun təkcə kəşfiyyat aparmadığını, eyni zamanda erməni zirehli texnikalarını sürətlə məhv etmək üçün pilotsuz təyyarə və kamikaze dronlarından istifadə etdiyini deyib.
“Bu taktika Azərbaycan ordusunun erməni qüvvələrini sürətlə məğlub edib irəliləməsinə imkan verdi. Bəlkə də gələcəkdə Çin və ya Rusiya orduları ABŞ-a qarşı müharibədə oxşar taktikalardan istifadə edəcəklər. Bu səbəbdən ABŞ hərbçiləri bu cür regional qarşıdurmaların təcrübəsini öyrənməlidirlər”, - amerikalı general qeyd edib.