“Türkiyə və Azərbaycan arasında pasport rejiminin ləğvi iki qardaş ölkə arasındakı münasibətlərin dinamik inkişafının nəticəsidir. İki ölkə arasında formalaşan yeni siyasi platforma regiondakı digər xalqların bu platformaya inteqasiyası və yeni bir əməkdaşlıq formatının qurulmasına gətirib çıxara bilər”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə söyləyib.
Onun sözlərinə görə, Ankara-Bakı platfotması Cənubi Qafqazda yeni bir siyasi kombinasiyanın qurulmasına təkan verəcək:
“Artıq demək olar ki, Gürcüstan burada yer alır, gələcək perspektivdə digər regional ölkələrin bu kombinasiyada özünə yer etməsi mümkündür. Ermənistan da Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkərsə, yeni regional əməkdaşlıq formatında iştirak imkanı əldə edə bilər. Belə bir format Türkiyənin bölgədə aparıcı dövlət kimi mövqeyini gücləndirə bilər. Bu isə Rusiyanında regionda hərbi iştirakını zəiflədəcək.
Hazırda Rusiya öz sülhməramlı qüvvələri ilə bölgədə özünə yer edib. Amma Rusiya burada erməniləri ciddi müdafiə edib, əlindəki imkanlardan öz məqsədləri üçün istifadə edərsə, regiondakı mövqeyini zəiflədəcək. İndi həmin kiçik ərazilərdə yaşayan ermənilər ciddi şəkildə yardıma möhtacdır. Belə bir vəziyyətdə Rusiyanın uzun müddət onlara yardım edəcəyini düşünmürəm.
Rusiyada uzun illər burada ermənilərə yardım edə bilməyəcək. Beləliklə, ermənilər Azərbaycanın suverenliyini qəbul edərək orada yaşamaq məcburiyyətindədirlər. Ermənilərin istəyib-istəməməsindən asılı olmayaraq, yeni siyasi kombinasiya bölgədə həlledici gücə çevriləcək və bu, bir müddət sonra Xankəndində Azərbaycan qanunlarının tətbiq olunmasına gətirib çıxaracaq”.
Məhəmməd Əsədullazadə hesab edir ki, hazırda Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla siyasi-iqtisadi əlaqələrin bərpasında maraqlıdır:
“Bu o deməkdir ki, Ermənistan Qarabağa, yaxud Azərbaycana və Türkiyəyə ərazi iddialarından imtina edir. Regionun siyasi nizamı dəyişdikcə, proseslər Azərbaycanın leyhinə işləyəcək, nəticədə Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək”.