Video əlavə olunub:
***
13:04
İran ABŞ-ın hazırkı Prezidenti Donald Trampın Ağ Evi tərk etməsi ərəfəsində Amerikanın ehtimal olunan raket zərbələrinə qarşı tədbir olaraq nüvə obyektləri ətrafında hava müdafiəsini gücləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Küveytin “Əl-Qabas” qəzeti İranın diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilib ki, İran ABŞ-la yaşanan gərginlik fonunda və Prezident Tramp Ağ Evdən ayrılmadan əvvəl baş verəcək hərbi müdaxiləyə hazırlıq görür.
Xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmik qüvvələrinin zenit sistemləri və radar avadanlıqlarının obyektlərin qorunmasından məsuliyyət daşıdığı bildirilib:
“İranın nüvə proqramı üçün həyati əhəmiyyət daşıyan bu obyektlərdə uranın zənginləşdirilməsi prosesini pozmağa yönəlmiş mümkün bir raket zərbələrini dəf etmək üçün mövcud olan bütün zenit potensialından istifadə ediləcək”.
Fordodakı nüvə obyektinin yaxınlığında uzaqmənzilli zenit-raket kompleksi “Bavar-373” və “Kub” hava müdafiə sistemi yerləşdirildiyi iddia edilib. Bundan əlavə, mənbələr uran zənginləşdirmə zavodunun yerləşdiyi Natanzda (İsfahan vilayətində) hava hücumundan müdafiə sistemlərinin də ciddi şəkildə gücləndirildiyini təsdiqləyiblər.