Keçən ilin aprelində İngiltərənin paytaxtı Londonda yaşadığı Ekvador səfirliyində tutularaq həbs olunan “Vikiliks”in (“WikiLeaks”) qurucusu Culian Assancın ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmə qərarı bu gün veriləcək.
Teleqraf.com xəbər verir ki, məhkəmə ABŞ-ın casusluqda ittiham etdiyi Assancın ekstradisiyası tələbini qəbul edərsə, “Vikiliks”in rəhbərinin işi yuxarı məhkəmə instansiyalarına və Avropa İnsan Haqları Məhkəməsinə aparmaq imkanı var.
Mütəxəssislər Assancın ekstradisiya məsələsinin 2 ilə qədər uzanacağını söyləyirlər. ABŞ-ın yeni rəhbərliyi fərqli bir seçim etməsə, Vaşinqtonun da əleyhinə verilə biləcək qərara etiraz etməsi gözlənilir.
“ABŞ tarixindəki ən böyük gizli məlumat sızdırılmalarından birində iştirak etməkdə” və “casusluqda” ittiham olunan “Vikiliks”in qurucusunun ekstradisiya olunacağı təqdirdə, 175 ilə qədər həbs cəzası alacağı bildirilir. Bununla yanaşı, onun tərəfdarları və media qurumları Assancın əslində İraq və Əfqanıstanda mülki şəxslərin oğurlanması və məhbuslara işgəncə verilməsi kimi gizli məlumatları ehtiva edən sənədləri yayımlayaraq dünyaya məlumat verdiyinə görə ABŞ tərəfindən cəzalandırılmaq istədiyini deyirlər. Məlumata görə, bu sənədlərdə ABŞ əsgərlərinin mülki şəxsləri zövq üçün öldürdüklərinə dair faktlar yer alır.