Səudiyyə Ərəbistanı və Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması üçün razılaşma əldə edilib.
Teleqraf.com xəbər verir ki, Küveyt Xarici işlər naziri Əhməd Nasir Məhəmməd əs-Sabah Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın Qətər əmiri Şeyx Tamim bin Hamed əl-Sani və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışıqları apardığını bildirib.
“Bu gecədən etibarən Səudiyyə Ərəbistanı və Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması barədə razılıq əldə edilib”, - nazir qeyd edib.
Küveytli diplomat açıqlamasında Qətər və Səudiyyə Ərəbistanı arasındakı bütün məsələlərin həllinə razılıq verildiyini vurğulayıb.
Körfəz Əməkdaşlıq Şurası (GCC) üzvlərinin sammitində qəbul edilmiş bəyannaməni imzalayaraq birlik yaratmağa hazır olduqlarını dilə gətirən Sabah sözügedən sənədin qardaşlıq münasibətlərində parlaq bir səhifənin başlanğıcı olacağını söyləyib.
Məlumata görə, Qətər və Səudiyyə Ərəbistanı arasında üç il yarım dvaam edən gərginlikdən sonra əldə edilən razılaşma imzalanacaq. İmzalanacaq müqavilə ilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin 2017-ci ildən bəri Qətərə tətbiq etdiyi hava, quru və dəniz embarqolarını ləğv etməsi gözlənilir.
ABŞ prezidentinin baş məsləhətçisi və kürəkəni Jared Kuşnerin Qətər və Səudiyyə Ərəbistanı arasında əldə edilən razılaşmada böyük rol oynadığı bildirilib.