18 Yanvar 2021 10:29
2 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni prezident Co Baydenin 20 yanvarda baş tutacaq inauqurasiya mərasiminə bir neçə gün qalmış Rusiya və ABŞ Suriyanın şimal-şərq ərazisində hərbi fəallığını artırıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Suriya rejimi ilə birlikdə ölkənin şimal-qərb hissəsini əsgər və silahla gücləndirir.

Bu məqsədlə Moskva-Qamışlı arasında hava dəhlizi yaradılıb. Rusiya dəhliz vasitəsilə yüzlərlə əsgər və silahları Qamışlı hava limanına daşıyır. Rus təyyarələri hərbçilərlə yanaşı, lojistik avadanlıqlar və silah daşımasını da həyata keçirir. Bölgəyə çatdırılan hərbi ləvazimatlar Rakka və Hasekidəki hərbi hissələrə, Azad Suriya Ordusuna (ASO) məxsus Ayn-İsa və Til Temirə paylanılıb.

Rusiyanın bu addımından narahat olan ABŞ-ın da bölgəyə son bir ay içərisində hərbçi, silah və lojistik avadanlıqlar yerləşdirməsi müşahidə olunur. ABŞ ordusu bölgədəki Tel Baydar bazasında əlavə hərbçi və silah göndərib. Hərbçilərin yerləşdirilməsi zamanı zirehli avtomobillər diqqəti cəlb edib.

ABŞ və Rusiya arasındakı mübarizəyə baxmayaraq, tərəflər bölgədə bir araya gələrək razılıq əldə ediblər.

Qeyd edək ki, ABŞ və Rusiya hərbi rəsmiləri ötən gün Deyri əz-Zorda bir araya gələrək Fəratın hər iki sahəsini birləşdirən Əl-Salihiyə nəzarət qapısının açılması üçün anlaşma əldə edib.


Müəllif: Cavad