Video əlavə olunub:
***
10:38
Türkiyə Xarici İşlər Nazirliyi Afinanın və bütün Yunanıstanın Baş yepiskopu İeronimin İslam dini ilə bağlı açıqlamalarını qınayıb.
Teleqraf.com xəbər verir ki, nazirliyin açıqlamasında İeronimin bir televiziya kanalına müsahibə verdiyi və İslam dini ilə əlaqəli nalayiq ifadələr işlətdiyi bildirilib.
Açıqlamada İslamın fərqli dinlərin və mədəniyyətlərin birlikdə yaşamasını təmin edən tolerantlıq və mərhəmət anlayışına əsaslanan bir sülh dini olduğu qeyd edilib:
“Bütün dünyanın yaşadığı qlobal pandemiya şəraitində hər kəs qarşılıqlı hörmət və tolerantlıq mühiti yaratmaq üçün səy göstərməlidir. Müqəddəs dinimizə dil uzadılması təəssüf doğurur”.
Bundan əlavə, açıqlamada sülhə xidmət etməli olan ruhanilərin cəmiyyətə bu cür əsassız ifadələrlə nifaq toxumu səpdiyinə vurğu edilib:
“Baş yepiskopun cəmiyyəti İslama qarşı düşmənçilik və şiddətə təhrik edən bu təxribatçı açıqlamaları, eyni zamanda İslamofobiyanın qorxunc səviyyəyə çatdığını göstərir. Avropada artan irqçiliyin, İslam və əcnəbi düşmənçiliyinin səbəbi də elə bədxassəli fikirlərdir. Açıqlamanın tərəflər (Yunanıstan və Türkiyə) arasında araşdırıcı görüşlərə hazırlığın getdiyi bir vaxtda verilməsi də xüsusi maraq kəsb edir və bu, prosesi pozmaq üçün uğursuz bir addım idi”.
Əlavə edək ki, baş yepiskop İeronim dünən verdiyi açıqlamada İslam dinini “siyasi partiya” adlandırıb.