“Əgər İranın nüvə təhdidlərindən danışırıqsa, ABŞ Prezidenti Co Baydenin xarici siyasət üzrə kadr təyinatları narahatlıq yaradır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Devid Fridman deyib.
Fridman qeyd edib ki, Vendi Şerman dövlət katibinin müavini, Antoni Blinken dövlət katibi, Cek Sullivan prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postlarına, keçmiş dövlət katibi Con Kerri və keçmiş milli təhlükəsizlik müşaviri Süzan Rays yüksək vəzifələrə təyin ediləcək:
“Onların hamısı 2015-ci ildə İranla beynəlxalq güclər arasında nüvə anlaşmasının imzalanmasında iştirak ediblər. İran komandası yenidən birlikdədir. İranın geri addım atacağı düşünülürdü, artıq bunu etmədiklərini bilirik. Yəməni məhv etdilər, İraqda Amerikaya hücum etdilər, Suriyadan İsrailə hücum etdilər və İsrail üçün ən böyük təhlükə olan Hizbullahı maliyyələşdirirlər”.
Səfir İranın yalan danışdığını söyləyib: “Ümid edirəm, ağlı başında olan hər kəs bilir ki, İranla anlaşmaya qayıtmamalıyıq”.