Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü İstanbulda mətbuata qapalı görüş keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hüriyyət” qəzeti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ərdoğanın görüşdüyü şəxs Milli Görüş içərisində ciddi bir nüfuza sahibdir:
“Milli Nizam Partiyası qurulan gündən bəri Ərbakanla birlikdə olan və hələ də Səadət Partiyası ilə yoluna davam edən birisindən danışırıq, söhbət Nədim Urhandan gedir. Nədim Urhan Dürül Ərkam Dərnəyinin fəxri prezidentidir. 2002-ci ildə Mərmərə Universitetinin İlahiyyat fakültəsindən təqaüdə çıxıb. Siyasətdən çox İslam elmlərinin tədrisinə diqqət ayırır”.
Məlumatda qeyd edilib ki, Ərdoğanın səfəri zamanı İslam dünyasındakı vəziyyət müzakirə olunub:
“İslami xidmətlərin əhəmiyyətinə vurğu edilib. Ancaq bu səfərin siyasi cəhəti də var. Ərdoğan Səadət Partiyasının CHP ilə bir ittifaqda olmaq əvəzinə AKP ilə Cümhur İttifaqında iştirak etməsini istəyir.
Səfərlərini də bu məqsədlə həyata keçirir. Təsadüfi deyil ki, Ərdoğan yanvarın 8-də Milli Görüşün ağır silahlarından biri olan Oğuzhan Asiltürkə evində baş çəkmişdi. Ərdoğan Asiltürklə görüşdə ittifaq məsələsinin gündəmdə olduğunu söyləyib. Ərdoğan mərhum Ərbakanın məzarını da ziyarət edib.
Ərdoğanın qısa müddətdə Səadət Partiyası və AKP tərəfindən sevgi ilə xatırlanan keçmiş nazir Rəcayi Kutaya da baş çəkəcəyi bildirilir”.