Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk ədəbiyyatının tanınmış simalarından biridir.
Həvva Pınar Kür – türk yazıçı və tərcüməçi.
Pınar Kür 1943-cü il aprelin 15-də Türkiyənin Bursa şəhərində anadan olub. O, uzun illər doğulduğu Bursada yaşayıb. Anası İsmət Kür, atası isə Bəhrəm Kürdür. Azərbaycanlı olan atası Bəhram Kür fransız dili və riyaziyyat müəllimi olub. Atasının müəllimlik peşəsinə görə, Pınar təhsilini müxtəlif bölgələrdə davam etdirmək məcburiyyətində qalıb. Anası İsmət Kür isə türk dili və ədəbiyyatı müəllimi olub.
Təhsil həyatı
İbtidai təhsilinə Zonquldakda başlayan məşhur yazıçı bundan sonra ailəsi ilə birlikdə Ankaraya köçərək, təhsilini burada davam etdirib. Ankarada bir müddət yaşadıqdan sonra anası ilə birlikdə İngiltərəyə gedib, orada təxminən bir il yaşadıqdan sonra yenidən Türkiyəyə qayıdıb.
Türkiyəyə döndükdən sonra yenidən Ankarada yaşamağa başlayan yazar təhsilini Ankara Kollecində davam etdirib. Təhsilinə böyük önəm verən Pınar Kür ilk romanlarını ingilis dilində yazıb.
Lisey təhsilini Robert Kollecində (ABŞ) tamamladıqdan sonra Kuins Universiteti (İngiltərə) və Boğaziçi Universitetində bakalvr dərəcəsinə yiyələnib. 1969-cu ildə Fransanın Sorbon Universitetində “XX əsrin teatrında gerçəklik və illüziya” mövzusunda doktorantura dissertasiyasını müdafiəm edib. Pınar Kür Fransada beş il yaşayıb.
Bədii yaradıcılığı
Yazıçı gənc yaşlarında şeir və teatrla maraqlanıb. İlk hekayələri 1971-ci ildə “Dost” jurnalında dərc edilib. “Cumhuriyet”, “Yazko-Edebiyat”, “Hürriyet Gösteri” və “Milliyet Sanat Dergisi” kimi qəzet və jurnallarda yayımlanan hekayələri ilə məşhurlaşıb.
İlk romanı “Sabah-sabah”ı 1976-ci ildə yazıb. Bu əsərindən sonra – 1977-ci ildə “Kiçik aktyor” adını verdiyi ikinci romanını oxucularına təqdim edib.
1979-cu ildə qələmə aldığı “Asılacaq qadın” adlı romanı “ədəbsiz” ittihamı ilə kitabxanalar və satış yerlərindən yığışdırılıb. Lakin məhkəmənin qərarı ilə bəraət alıb.
Pınar Kür “Sonsuz məhəbbət (1986), “Cinayət romanı” (1989), “Sonuncu payız” (1992) və “Cinayət fakültəsi” (2006) kimi kitabların da müəllifidir. Ən son olaraq, 2016-cı ildə “Sadıq bəy” adlı bir kitab nəşr etdirən yazıçı 8 roman, 3 hekayə yazıb.
Dramaturq və müəllim
Pınar Kür 1971-1973-cü illər arasında Ankara Dövlət Teatrında dramaturq vəzifəsində çalışıb. Bundan sonra İstanbulda yerləşib. 1979-1985-ci illər arasında İstanbul Universiteti Xarici Dillər Universitetində müəllim işləyib. Eləcə də Bilgi Universitetində… İndi də bu universitetdə müəllim işləyir.
Yazıçı 2013-cü ilin may ayında Ankara Hekayə Günləri çərçivəsində fəxri mükafata layiq görülüb.
1964-cü ildə aktyor Can Kolukısa ilə evlənən məşhur yazıçı beş il evlilik həyatı yaşayıb. Evliliyinə 1969-cu ildə nöqtə qoyan Pınar Kürün Əmrah adlı bir oğlu var. Əmrah Kolukısa da atası kimi aktyordur.