Luqansk separatçıları Ukraynada bu gün oktyabrın 26-da keçirilən növbədənkənar parlament seçkilərində iştirak etməyə hazırlaşan yerli sakinləri güllələməklə hədələyiblər. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bununla bağlı əhali arasında xüsusi xəbərdarlıq vərəqələri yayılıb.
Yerli fəallardan biri “Luqansk Xalq Respublikası” rəhbərliyinin imzası ilə yayılan xüsusi məktubun rəsmini özünün Feysbuk səhifəsində yerləşdirib.
Belə ki, "LXR Ali soveti"nin sədri Karyakin imzaladığı sənədin mətninə əsasən, seçkilərdə iştirak edəcək sakinlər müharibə dövrünün qanunlarına görə mühakimə ediləcəklər: “Məntəqə və dairə seçki komissiyalarının üzvləri isə qeyd-şərtsiz gülləlnəcəklər”.
"Biz sizi Kiyev xuntasının seçkilərinə məhəl qoymamağa çağırırıq... " – deyə, separatçılar bəyan ediblər.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, bir müddət əvvəl separatçılar təqaüdçüləri seçkilərdə iştirak edəcəkləri təqdirdə onları pensiya təminatından məhrum etməklə hədələmişdilər.
“LXR” separatçıları bildiriblər ki, noyabrın 9-da planlaşdırıldığı kimi, öz "seçkilərini" keçirəcəklər.
Nail Cəlil