28 Fevral 2021 18:29
2 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın şərqindəki qiyamçı Haftar ordusunun sıralarında yer alan və Sirtədə yerləşən Rusiyanın muzdlu qrupu “Vaqner” artıq müstəqil hərəkət etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ingilis nəşri “The Sunday Times” yazıb.

Qəzetin iddiasına görə, “Vaqner” artıq birbaşa Rusiya Müdafiə Nazirliyi və Kremldən əmr almağa başlayıb. Rusiyanın bu qərarının Haftar ordusunda narahatlıq yaratdığı bildirilib.

Nəşr ABŞ-ın Bayden administrasiyasının Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) “Vaqner”ə maliyyə yardımını dayandırması üçün təzyiq etdiyini yazıb.

“Vaqner”in Liviyada ağır silahlarla təchiz edilmiş iki mindən çox qüvvəsi var. Qrup ölkənin cənubundakı Cufra hava bazasında dislokasiya edilmiş rus qırıcıları tərəfindən dəstəklənir.

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) “Vaqner”in rəhbəri, iş adamı Yevgeni Priqojinin həbsini təmin edəcək məlumatlar üçün 250 min dollar pul mükafatı qoyub. FBI-nın rəsmi saytında dərc olunan xəbərə görə, Priqojinin Sankt-Peterburqda fəaliyyət göstərən İnternet Araşdırmaları Agentliyi adlı şirkəti dəstəkləyir. Həmin şirkət 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkisinə müdaxilə etməkdə ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu