12 Aprel 2021 11:17
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Natanzdakı nüvə müəssisəsindəki qəza İsrail tərəfindən planlaşdırılan partlayış nəticəsində baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə kəşfiyyat mənbələrinə istinadən “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Mənbə nüvə müəssisəsindəki güclü partlayış uranı zənginləşdirən santrifuqalara enerji ötürən və ən yaxşı şəkildə qorunan daxili elektrik sistemini məhv etdiyini yazıb.

Nəşrin iddiasına görə, İsrail kəşfiyyatının yetkililəri bununla İranın uranı zənginləşdirdiyi müəssisələrinə ciddi zərbə vurduğunu söyləyiblər. Beləliklə, obyektin normal rejimdə işləməsi yalnız doqquz aydan sonra bərpa edilə bilər.

Bundan əvvəl İsrailin “KAN” radiosu anonim kəşfiyyat mənbələrinə istinad edərək, İranın nüvə müəssisəsinə edilən kiberhücumun MOSSAD xüsusi xidməti tərəfindən təşkil edildiyini bildirmişdi.

Aprelin 11-də Natanzdakı uran zənginləşdirmə müəssisəsində qəzanın baş verdiyi açıqlanıb. İranın Atom Enerjisi Təşkilatı hadisənin elektrik xətlərində yaranan problemlə əlaqəli olduğunu iddia edib.

Bundan sonra İran vitse-prezidenti Əli Əkbər Salehi hadisəni “terror hücumu” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu